Müxalifətin xırda pul davası
15 Noyabr 2013 16:43 SiyasətRadikal müxalifət düşərgəsində yeni bir qovğa başlanır. Bu dəfəki qovğa birinin özünü digərindən üstün göstərməsi və ya əsas müxalifət lideri kimi təqdim edilməsi deyil, yaxın keçmişdə qalan maliyyə məsələlərinin üzə çıxması, konkret olaraq borc qalmaqalıdır. Əslində zaman-zaman müxalifət liderlərinin bir-birinə külli miqdarda pul atdığı və ya aldığı borcu qaytarmadığı barədə fikirlər yayılıb. Ancaq sonradan müxaliflər bu kimi məlumatların ört-basdır edilməsinə nail olublar. Son günlər bu mövzunun yenidən gündəmə gəlməsi məsələni bir daha aktuallaşdırıb. Belə ki, eks-spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev ona çoxlu sayda insanların maddi və mənəvi borcunun olduğunu deyib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə əslində eks-spikerin digər siyasilər qarşısında borclu olduğunu bildirib. Sərdar Cəlaloğlu yaxın keçmişə nəzər salaraq Rəsul Quliyevin 2005-ci ildən Müsavat Partiyasının başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə borclu olduğunu söyləyib. Onun sözlərinə görə, həmin il keçirilən parlament seçkiləri zamanı "Azadlıq" blokuna təşviqat avtobusunun alınıb Azərbaycana gətirilməsi üçün AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər eks-spikerin əvəzinə 8 min dollar ödəyib. Sabiq ACP lideri onun əvəzinə verilən pulun qısa zamanda qaytarılacağına söz versə də, bu elə söz olaraq qalıb.
Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl Milli Şura adlanan qurum daxilində də maliyyə problemləri meydana çıxmışdı. O zaman isə Rüstəm İbrahimbəyovun Eldar Namazov vasitəsilə qurumun buradakı təmsilçiləri, daha doğrusu Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasına kütləvi aksiyaların keçirilməsi üçün müəyyən miqdarda vəsait göndərdiyi bildirilirdi. Sonradan məlum oldu ki, ayrılan maliyyə vəsaiti heç də qəpiyinə qədər qeyd edilən istiqamətə xərclənməyib. Bir qədər də dəqiqləşdirsək ayrılan pullar AXCP və Müsavat Partiyası rəhbərliyinin "gündəlik xərci"nə sərf olunub. Təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Yelena Andreyevna Sadqiyeva adlı şəxs vasitəsilə banklardan birindən külli miqdarda pul çıxarması barədə yayılan məlumatlar da deyilənləri təsdiqləyirdi.
Müxalifət partiyaları arasında maliyyə məsələləri, konkret olaraq pul davasının indiki məqamda ortaya çıxması isə bir sıra amillərlə bağlıdır. Birincisi, bu düşərgə gözlədiyi qədər oyunçusu olduğu Milli Şuradan divident götürə bilmədi. Kremlin pul boxçasının ağzının onlar tərəfə çevriləcəyi ümidi ilə yaşayan radikal müxalifətçilər yalnız önlərinə atılan az miqdarda vəsaitlə kifayətlənməli oldular ki, bu da sözügedən düşərgə sahiblərinin hər seçkidən sonra qazandıqları maliyyədən xeyli az idi. Məhz bu səbəbdən hazırda müxalifət partiyalarının liderləri köhnə dəftərləri açaraq borc davası edirlər.
İkinci səbəb, Qərbin artıq bu dairələrə diqqət və maliyyə ayırmamasıdır. Belə ki, uzun illər boyu Qərbə inteqrasiyadan danışan siyasilərin şəxsi maraqlar naminə seçkilər ərəfəsində şimala üz tutması vaxtı ilə həmin düşərgəyə "xaç ata"lığı edən Qərbdə xoş qarşılana bilməzdi. Bu qüvvələrə Qərbdən ayrılan maliyyə vəsaitlərinin nəzərəçarpacaq dərəcədə azalması da, müxalifət partiyalarının maliyyə durumunu olduqca ağırlaşdırıb. Hətta bəlli olduğu ki, AXCP və Müsavata yaxınlığı ilə seçilən mətbu orqanlar belə maliyyə çatışmamazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə qarşılaşıb. Elə bu amil də liderlərin pul hərisliyini üzə çıxarıb. Əslində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu eks-spikerin AXCP və Müsavata 8 min dollar borclu olduğunu deməklə Əli Kərimli və İsa Qəmbərin istəklərini dilə gətirib.
Nəhayət keçmiş borc söhbətlərinin gündəmə gəlməsinə səbəbə olan üçüncü amil hər iki partiyada müşahidə edilən qopmalardır. Prezident seçkilərindən sonra həm AXCP, həm də Müsavatdan bir sıra istefalar olub ki, bunun da qarşısını almağın yeganə yolu maliyyədir. Belə ki, istər Əli Kərimli, istərsə də İsa Qəmbər yaxın ətrafının ondan uzaqlaşmaması üçün onları maliyyə vəsaiti ilə ələ almağı düşünür. İndiki məqamda hər iki partiyanın maliyyə sıxıntısı yaşaması isə bunu mümkünsüz edir. Belə olan təqdirdə əlac köhnə dəftərlərin açılmasına qalır.
Siyasi təhlilçilər isə hesab edirlər ki, müxalifət partiyaları arasında borc məsələsinin gündəmə gəlməsi bu düşərgə daxilindəki ziddiyyətləri daha da artıracaq və növbəti partiyalararası savaş özünü büruzə verəcək.
Süleyman İsmayılbəyli