Xalqın azadlıq məfkurəsini nümayiş etdirdiyi gün
17 Noyabr – Milli Dirçəliş Günüdür
17 Noyabr 2013 08:02 SiyasətArtıq 80-ci illərin ortalarında SSRİ-nin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhrana əsas səbəb rəvan işləməsi üçün qüdrətli rəhbər tələb edən sosialist cəmiyyətinin uzun müddət, xüsusən 70-ci illərin ortalarından onu idarə edə biləcək, xüsusi keyfiyyətlərə sahib liderə malik olmaması idi. 1985-ci ildən sovet imperiyasına rəhbərlik edən Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçov isə qurmağa yox, dağıtmağa çalışırdı. İctimai həyatın bütün sahələrinə partiya amirliyi gücləndikcə, bu təşkilatda mənəvi çürümə prosesi sürətlənirdi. Partiya özünə sosial dayaq yaratmaq üçün xalqları, cəmiyyəti, kollektivləri, təşkilatları parçalayırdı.
Sovet respublikalarında milli özünüdərk, suveren hüquqların hakim-şovinist dairələr tərəfindən tapdalanmasına, respublikaların milli sərvətlərinin talan olunmasına etirazlar güclənməkdə idi. Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni millətçiləri türk soyqırımına, terrora əsaslanan qanlı siyasətlərini - "Böyük Ermənistan" dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq cəhdlərini yenidən fəallaşdırdılar. "Yenidənqurma" siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, antitürk, antiislam siyasəti qüvvətləndirirdilər. Mühüm geosiyasi məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi. Uzun illər münasib fürsət gözləyən erməni millətçiləri yaranmış vəziyyətdən məharətlə istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını genişləndirmək məqsədi ilə fəaliyyətə başladılar.
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında etiraz mitinqi təşkil olundu. Ermənistanda azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da Dövlət Universiteti qarşısında böyük mitinq keçirildi. Xalq hərəkatının kortəbii mərhələsinin ən qızğın dövrü noyabrın 17-dən başlandı. Həmin gün səhər bir neçə universitet qarşısından nümayişçi dəstələr polisin canlı maneələrini aşaraq, M.Ə.Sabir adına bağa, oradan isə şəhərin baş meydanına gəldilər. Meydanda mitinqçilərin tələbləri oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiAzərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları mitinqin əsas şüarları idi. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı.
17 Noyabr Azərbaycanın tarix səhifəsinə "Milli Dirçəliş Günü" kimi yazıldı.
Sevda Qurbanqızı