“Vəhabilər ölkədə sürətlə çoxalır” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Onlar Azərbaycana bəla gətirir”
15 Noyabr 2013 16:09 Siyasət"5 ildən sonra gec olacaq"
Vəhhabilik İslamın kökünü laxlatmaq üçün hazırlanmış ingilis gedişidir. Çünki vəhhabilər İslamın əksər şərtlərini qəbul etmirlər. Vəhhabiliyin yayılmasında marağı olan əsas dövlət Səudiyyə Ərəbistanıdır. Bundan başqa heç bir dövlətdə vəhhabilik dini satatus almayıb" - politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev hesab edir ki, təriqət ABŞ və İngiltərənin müsəlman dövlətlərində siyasi təxribatlarına xidmət edir. Həmin qüvvələr vəhhabilikdən Şimali Qafqazda Rusiya əleyhinə istifadə edirlər. Politoloq qeyd etdi ki, Şimali Qafqazda Rusiya tərəfindən sıxışdırılan radikal təriqət üzvləri Cənubi Qafqaza axın etməyə başlayıblar. Getdikcə Azərbaycanda da vəhhabilərin sayı çoxalır. Qısa zaman ərzində onların çoxalmasının Azərbaycana bəla gətirəcəyini deyən C.Nuriyevin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi də bu sahədə böyük işlər həyata keçirir: "Məsələnin həlli ilə təkcə MTN yox, media da məşğul olmalıdır. İslam orta məktəblərdə də tədris olunmalıdır. İslam ancaq yasxanalarda təbliğ olunduğu üçün, hamı elə bilir ki, o yas dinidir. Əslində İslam sülhsevərliyi sevən dindir. İnsanları İslam dini haqqında düzgün istiqaməti bozbaş mollaları yox, alimlər təbliğ etməlidirlər. Telekanallarda ən azından İslamla bağlı bir proqram olmalıdır. Din olduğu kimi təbliğ olunmasa bu Azərbaycan üçün problemlər ortaya çıxara bilər. Azərbaycanda vəhhabilərlə yanaşı xarici təriqətlərin də sayı çoxalır, bu isə heç də xoş deyil. Radikal təriqətlərin növbəti döyüş poliqonu Azərbaycan ola bilər. Bu bir çox xarici dövlətlərin maraqlarını əks etdirir. Xüsusən də Ermənistan bunun üzərində ciddi şəkildə işləyir. Ermənistan həmin məsələni başqa dövlətlərin əlilə həyata keçirməyə çalışır. Azərbaycanda dini müstəvidə qarşıdurmaların olması üçün münbit şərait var. Çünki insanlar İslam dini haqqında düzgün bilgilərə sahib deyillər. Bu istiqamətdə insanlar arasında cəhalət baş alıb gedir. Vəhhabilər də savadsız insanları çox rahatlıqla ələ keçirirlər. Məsələ üzərində təkcə hüquq mühafizə orqanları yox, insanlar, alimlər, dini qurumlar da işləməlidir. Məsələyə barmaqarası baxmaq lazım deyil, əks təqdirdə bu böyük təhlükələrə yol açacaq. "Sos" siqnalının verilməsinin vaxtı çatıb, yoxsa 5 ildən sonra gec olacaq". ("OLAYLAR" İA)