AXCP ilə Müsavat baş-başa gəlir - SİYASİ ANALİZ

İsa Qəmbərlə Əli Kərimli Milli Şura məsələsində razılığa gələ bilmir

Milli Şurada Həmsədrlik İnstitutunun yaradılması, İctimai Palatanın taleyi ilə bağlı məsələdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli arasında fikir ayrılığınn olması ilə bağlı proqnozlar təsdiqini tapır. Artıq xəbər saytları bununla bağlı məlumatlar dərc edirlər. Bir həftə öncə mətbuata açıqlamasında AXCP rəsmiləri İctimai Palatanın saxlanmasına gərək olmadığını, Milli Şuranın gücləndirilməsinin prioritet kimi qəbul edildiyini bildirmişdilər. Əksinə, Müsavat funksionerləri, Müsavata yaxın şəxslər İP-i saxlamaq, Milli Şuranı buraxmaq təşəbbüsü ilə çıxış etdilər.  Rauf Arifoğlu Milli Şura yaranan gündən başladığı kursu daha da gücləndirib. Baş yazar dalbadal verdiyi açıqlamlarda artıq təsisçilərinin xeylisi istefa vermiş Milli Şuranın buraxılmasına zərurət yarandığını demişdi. Onun fikrincə, Rüstəm İbrahimbəyov gəlmirsə, El hərəkatı seçkidə ciddi rol oynamadısa, Rəsul Quliyev müxalifət əleyhinə çıxışlarını davam etdirirsə, Lalə Şövkət partiyası ilə birgə qurumu tərk edibsə, Şuranı saxlamağa gərək yoxdur. Əslində baş yazar haqlı görünür. İbrahimbəyovun timsalında kənar qüvvələr açıq-aşkar şəkildə Müsavat boyda partiyanı yardımçı qüvvəyə çevirmişdilər. Və bu taktika da AXCP-nin timsalında davam edirdi. AXCP Cəmil Həsənlini Milli Şuranın sədri etmək istəyir ki, bu da Müsavatın marağına uyğun deyil. Elə buna görə də, Müsavat baltanı ağacın kökündən vurmaq, Milli Şuranı dağıtmaq xətti tutub. Milli Şuraya candərdi qoşulmuş Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli facebookda Rüstəm İbrahimbəyovu sərt tənqid edib. Müsavatın Məclis sədri Arzu Səmədbəyli İbrahimbəyovu istefaya çağırıb. Nəyahət, Müsavat başqanı İsa Qəmbər Milli Şuranı aşağılayaraq, bu qurum olmadan da yola davam edəcəklərini bildirib, həmsədrlik institutunun əleyhinə olduğunu deyib. Söhbət sədrlik və ya həmsədrlikdə deyil, bütün bunlar İbrahimbəyovun artıq Müsavat tərəfindən qəbul edilmədiyini göstərir. Böyük ehtimalla, Müsavat Partiyası Milli Şuranın növbəti toplantısında İbrahimbəyovun əleyhinə çıxacaq. Artıq onun qarşısında şərt qoyulub: "Deyirdin, ziyalısan, siyasətə qarışmırsan. Seçki bitdi, çıx get". Müsavatn taktikası Rüstəm İbrahimbəyovu da Lalə Şövkət, Əvəz Temirxan kimi bezdirib kənarlaşdırmaqdır. İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseyn üçlüyü "Milli Şuranı Müsavat dağıtdı" ittihamından kənarda qalmaq, prosesi təbii axarına buraxmaq istəyirlər. Amma qarşıda AXCP var. AXCP-nin qətiyyətli mövqeyi proseslərin axarını dəyişə bilər. Əli Kərimli ənənəvi müxalifətin öz mövqeyini yenilərər verməsindən qorxmursa, bundan çəkinmirsə, Müsavatın qarşısına çıxmalıdır. Əks halda, deməli, hazırkı siyasi sistemin dəyişməsini, köhnə simaların yenilərlə əvəzlənməsini AXCP sədri də istəmir. AXCP sədri Milli Şuranı qorumağa qalxsa, Müsavatla baş-başa gələcək. Əslində İctimai Palata formatı AXCP üçün sərfəli deyil. AXCP yetkililəri Rauf Arifoğlu və Pənah Hüseynlə yolları mənən ayırıblar. Qalıb təşkilati ayrılıq. İP qaldıqca AXCP-nin radikal yetkililəri Rauf Arifoğlu ilə müttəfiq sayılırlar. İP dağılsa, yeni siyasi situasiya yaranacaq. Müsavat Milli Şuradan çıxsa belə, AXCP Şuradakı müttəfiqləri ilə "ana müxalifət" statusuna iddia edə biləcək. Müsavat isə təkbaşına heç bir uğur əldə edə bilməyəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00