“Ermənistan qondarma “respublika”nı tanımaqda maraqlı deyil” - Qabil Hüseynli - AÇIQLAMA
“Məsələnin daha həssas nöqtəyə gəldiyi bir vaxt, Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanımaq bölgədə proseslərin mürəkkəbləşməsinə, hətta müharibənin yaranmasına gətirib çıxaracaq”
15 Noyabr 2013 13:11 SiyasətErmənistan İrs Partiyasının "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" parlamentə təqdim etdiyi qanun layihəsi rədd edilib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, münaqişə ətrafında aparılan danışıqlar prosesi yenidən qızışır. Q.Hüseynli bildirdi ki, Ermənistan parlamentinin də belə bir vəziyyətdə qondarma "Qarabağ Respublikası"nı tanıması müharibənin yenidən qızışmasına şərait yaradacaq. İrs Partiyasının əsas məqsədinin qondarma "respublika"nı tanımaq yox, Ermənistanı Azərbaycana təzyiq göstərməsinə məcbur etmək olduğunu deyən politoloq vurğuladı ki, partiyanın parlamentə təqdim etdiyi layihəsi digər tərəfdən Azərbaycanı güzəştlərə getməyə məcbur etmək niyyəti daşıyır: "Əgər Ermənistan qondarma "Qarabağ Respublikası"nı tanımağa maraqlı olsaydı, bunu çoxdan həyata keçirmişdi. Məsələnin daha həssas nöqtəyə gəldiyi bir vaxt, Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanımaq bölgədə proseslərin mürəkkəbləşməsinə, müharibənin yaranmasına gətirib çıxaracaq. Ermənistan isə belə bir vəziyyəti arzu etmir". ("OLAYLAR" İA)