“Rusiya ABŞ-ın tabeliyinə keçib”

Vəfa Quluzadə: “Suriyada muzdlu döyüşçülər və xarici qüvvələrə işləyən Bəşər Əsəd rejiminə məxsus qüvvələrdən başqa heç kəs qalmayacaq ”

Beynəlxalq güclərin Suriya məsələsinə səthi münasibət bəsləməsi məsələsinə münasibət bildirərkən politoloq Vəfa Quluzadə qeyd edib ki, Suriya xalqının hamısı qaçqın vəziyyətindədir, bu ölkə artıq heç bir dövləti maraqlandırmır. V.Quluzadə vurğuladı ki, xarici dövlətlər tərəfindən hazırlanmış Dağlıq Qarabağ müharibəsində Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü oldu. Suriya vətəndaşlarının isə hamısı didərgin vəziyyətindədir. Politoloq hesab edir ki, Suriya xarici qüvvələr tərəfindən darmadağın ediləcək: "Bu ölkədə yalnız muzdlu döyüşçülər, bir də xarici qüvvələrə çalışan Bəşər Əsəd rejiminə məxsus qüvvələr qalacaq". Vəfa Quluzadə ABŞ-ın xarici siyasətindəki baş verən dəyişikliklərə də münasibət bildirdi. ABŞ-ın gesosiyasi maraqlarının həmişə birmənalı olduğunu deyən V.Quluzadənin sözlərinə görə, Vaşinqtonun xarici siyasətinin əsası dünyaya hökmranlıq etməkdir: "Ağ Ev geosiyasi planlarını istədiyi kimi həyata keçirir, çünki dünyada ABŞ-ın qarşısını keçəcək ikinci güclü qüvvə yoxdur". Regionda və dünyada baş verən hadisələrin fonunda Rusiyanın mövqeyini dəyərləndirən politoloq qeyd etdi ki, Rusiya artıq ABŞ-ın rəhbərliyi altında hərəkət edir: "Kremlin xarici və daxili siyasətində uğursuzluqları bu istiqamətdə olan şübhələri təsdiq edir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00