Ukrayna müvəqqəti işğala razı olmalıdırmı? – ÖZƏL
7 Avqust 13:39 Siyasət"Suverenlik naminə Ukrayna müvəqqəti işğalı qəbul edə bilər". Bunu BBC-yə müsahibəsində Çexiya Prezidenti Petr Pavel deyib. Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilər heç vaxt Rusiya kimi tanınmayacaq.
"Çexiya Prezidenti Petr Pavelin verdiyi açıqlama əslində mövcud reallıqlar çərçivəsində məntiqli və realist yanaşmanın göstəricisidir. Ümumiyyətlə, mən bu qənaətdəyəm ki, mövcud şərtlər daxilində Ukraynanın ərazilərini işğaldan azad etməsi real görünmür və bu da qeyri-adi bir hal deyil. Təəssüf ki, bəzi reallıqlar strateji geri çəkilmələri zəruri edir".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamaslnda söyləyib:
"Mövcud şərtlərə baxdıqda, Avropadan dəstək alan, amma torpaqlarını işğaldan azad edə bilməyən bir Ukrayna görürük. Belə olan halda müharibənin uzanması yalnız itkilərin artmasına gətirib çıxaracaq. Digər tərəfdən, Rusiya Ukrayna ilə müqayisədə daha çox resursa və insan gücünə malikdir. Ukraynaya silah və maddi yardım edilsə də, canlı qüvvə yardımı edilmir və bu, ölkənin demoqrafik vəziyyətini ciddi şəkildə təhdid edir. İtkilərin hər gün artması faktiki olaraq daha çox Ukraynanın əleyhinə işləyir. Rusiya bu itkini bərpa edəcək potensiala və insan resursuna sahibdir, amma Ukrayna üçün eyni şeyi demək çətindir. Onsuz da bu ölkə İkinci Dünya müharibəsindən sonra ciddi demoqrafik problemlərlə, xüsusilə də cins balansı problemi ilə üzləşmişdi. Yəni, qadınların sayı kişilərin sayından xeyli çox idi, indi isə bu fərq daha da artıb. Belə olan halda müharibənin davam etməsi doğru deyil. Əslində, Putin administrasiyasından da, Putinin özündən də gözlənilən odur ki, bu müharibəni davam etdirməkdə məqsəd yalnız hakimiyyətini qorumaqdır. Tarixə baxanda da görürük ki, bu tip liderlər üzərində təzyiqlərin nəticəsi olmur. Əksinə, sona qədər müharibədən hakimiyyətlərini qorumaq üçün istifadə edirlər.
Mən düşünürəm ki, Ukrayna indiki məqamda müvəqqəti atəşkəsə razı olmalıdır. Yəni, müvəqqəti olaraq işğal faktoru ilə barışmalıdır. Gələcəkdə, post-Putin dövründə yenidən gücünü toplayıb, vaxtı gələndə torpaqlarını işğaldan azad etməlidir. Mən bunu həmişə Azərbaycanın timsalında misal çəkirəm. Birinci Qarabağ müharibəsində də biz belə etdik. Atəşkəs razılaşması imzalandı və bu, əslində Azərbaycanın bir müddət geri çəkilməsi demək idi. Biz 20 il ərzində gücümüzü, qüvvətimizi topladıq və torpaqlarımızı işğaldan azad etdik. Nəzərə almaq lazımdır ki, bu variantı vaxtında ən uzaqgörən siyasi fiqurlardan biri olan Heydər Əliyev irəli sürdü. Atəşkəs məhz onun dövründə imzalandı. Heydər Əliyev kifayət qədər uzaqgörən bir siyasətçi idi və bu günkü reallıqlar da bunu göstərir.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə aparılan ardıcıl ordu quruculuğu, xarici siyasət, diplomatik addımlar, beynəlxalq münasibətlərdə dəyişən şərtlərin düzgün qiymətləndirilməsi, enerji siyasəti və Avropa-Asiya arasında balansın yaradılması kimi bütün amillər Bakı tərəfindən düzgün işlənildi. Nəticədə 44 günlük müharibədə həm diplomatik, həm də geosiyasi şəraitdən yararlanaraq torpaqlarımızı işğaldan azad etdik. Hətta lokal xarakterli antiterror əməliyyatlar nəticəsində də torpaqlarımızın suverenliyini bərpa etdik. Əslində Prezident İlham Əliyevin Ukrayna xalqına dediyi o fikrin pərdəarxası məğzi də budur. Bir çoxları düşünür ki, bu, "sonadək mübarizə aparın" çağırışıdır. Xeyr, Prezident İlham Əliyev bunu çox yaxşı bilir: müvəqqəti sülhə razı olmaq lazımdır. Daha sonra gücünü tam bərpa edib, zaman gələndə yenidən nəticə əldə etmək mümkündür. Axı Rusiya hər zaman Putin tərəfindən idarə olunmayacaq. Tarix göstərir ki, Rusiyada Pyotr, Stalin və indi də Putin kimi güclü liderlərdən sonra daha zəif iradəli şəxslər hakimiyyətə gəlir. Məsələn, Brejnev, Andropov və Boris Yeltsin kimi. Bu, gələcək üçün bir örnək ola bilər və Ukrayna indidən o dövrə hazırlaşmalıdır ki, gələcəkdə torpaqlarını işğaldan azad etsin. Bu baxımdan, Çexiya Prezidenti Petr Pavelin yanaşması doğrudur.
Eyni yanaşmanı vaxtilə mərhum Prezident Heydər Əliyev də Azərbaycanda tətbiq etmişdi. İlham Əliyevin verdiyi bəyanatların pərdəarxasında da bu mesaj var. Yəni, bu qədər lider bunu anlayır və tətbiq edirsə, Ukraynanın da bu addımı atması ayıb deyil. Hər kəs başa düşəcək ki, bu, taktiki-strateji geri çəkilmədir. Böyük sərkərdələr, böyük siyasətçilər lazım gəldikdə geri çəkilməyi də bacarmalıdırlar. Əgər məsələ yalnız torpaqları işğaldan azad etmək və qələbə qazanmaqdırsa, bu, "Pirr" qələbəsi olmamalıdır. Yəni, məğlubiyyətə bərabər bir qələbə faktiki olaraq məğlubiyyətin özü deməkdir. Müharibənin davamı yalnız canlı qüvvə itkilərinə və mülki obyektlərin məhvinə gətirib çıxaracaq. Ən önəmlisi isə, kişi əhalisinin kəskin azalmasından sonra Ukraynanın torpaqları işğaldan azad etməsi nəyə lazım olacaq? Əgər dövlət xalq üçün varsa, o zaman xalqın maraqlarını qorumaqla üzləşə biləcək daha ciddi fəsadları analiz edib, müvəqqəti güzəştli razılaşmaya getmək olar. Bu, eyib bir şey deyil və Ukrayna tərəfi də bunu düşünməlidir. Əslində, Trampın da istədiyi budur. Tramp da belə bir atəşkəs razılaşması istəyir. Rusiya tərəfinin şərtləri bəllidir. Ukrayna tərəfi buna razı olmadığı üçün proses bu şəkildə davam edir. Bundan əlavə, atəşkəs razılaşmasından sonra Ukraynanın işğal olunmuş torpaqları ilə bağlı BMT-də qətnamələr qəbul oluna bilər və əminəm ki, bir çox ölkə bu istiqamətdə çalışacaq. Trampın həm də BMT-nin strukturunda dəyişiklik etmək planı var. Əgər Rusiya bu məsələdə ABŞ-lə koordinasiyalı hərəkət edərsə, məncə, gələcəkdə torpaqların işğaldan azad olunması real ola bilər".
Zeynəb Mustafazadə