BAMF Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir
18:15 SiyasətBeynəlxalq Avrasiya Mətbuat Fondu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir.
Olaylar xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatında deyilir.
"Azərbaycan-Ermənistan münaqişəsinin ən gərgin dövründə yaradılmış bir təşkilat olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu artıq 30 ildən çoxdur ki, problemin sülh yolu ilə həlli üçün ardıcıl səylər göstərir. Bu illər ərzində minlərlə insan həyatını itirdi, saysız-hesabsız ailələr dağıldı, bölgənin sosial-iqtisadi inkişafı isə illərlə iflic vəziyyətində qaldı.
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli tarixi görüş və imzalanan sənədlər, uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu. Sülh müqaviləsinin paraflanması tərəflərin əməkdaşlığa və ən əsası sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirdi. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadın rəmzi kimi tarixə düşdü.
BAMF olaraq bu mühüm addımı və Vaşinqton görüşündə əldə olunan nəticələri yüksək dəyərləndiririk. İnanırıq ki, bu prosesin davamı olaraq Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyat marşrutlarının canlanması Cənubi Qafqazın beynəlxalq ticarət və əməkdaşlıq xəritəsində mövqeyini gücləndirəcək, iqtisadi inkişafı sürətləndirəcək.
BAMF BMT-nin Əsas Məşvərətçi statuslu üzvü kimi 33 illik missiyasına sadiq qalaraq bundan sonra da sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək", - deyə bəyanatda bildirilir.