Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
19:29 SiyasətŞimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.
Olaylar xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb.
O bəyan edib: "Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır".
ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu prosesdə göstərdiyi siyasi iradəyə müsbət qiymət verib.
Şimali Kiprin lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitənin bərpası məsələsinə xüsusi diqqət yetirib. "Birgə Bəyannamədə öz əksini tapmış "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi regionun iqtisadi inkişafı üçün stimul olacaq", -deyə E. Tatarın bəyanatında vurğulanıb.
Siyasətçi ABŞ-ın Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmasının vacibliyinə də toxunaraq qeyd edib ki, Vaşinqtonun bu addımı həm Azərbaycan-Amerika münasibətləri, həm də Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. O əlavə edib: "Qarşılıqlı hörmət və bərabərliyə əsaslanan əməkdaşlıq, şübhəsiz ki, uzunmüddətli sülhün və sabitliyin qorunmasının açarıdır".
Prezident Şimali Kipr sakinlərinin on illərdir təcriddən əziyyət çəkdiyi vəziyyətlə də paralellər aparıb. O qeyd edib: "Mübahisələrin ədalətli həlli yalnız iki beynəlxalq bərabərhüquqlu dövlətin əməkdaşlığı ilə mümkündür".
Bəyanatın sonunda dövlət başçısı "əziz dostu, Azərbaycan Prezidenti İlham Əliyevi, eləcə də Ermənistanı tarixi addıma görə" bir daha təbrik edib. "Ümidvaram ki, Birgə Bəyannamə regionda sülh və firavanlıq üçün güclü zəmin yaradacaq", -deyə Şimali Kiprin lideri sözlərinə yekun vurub.