Tarixi görüş: Azərbaycan Prezidentinə və dövlətinə böyük ehtiram - ÖZƏL

"Vaşinqton görüşü həm Azərbaycanda, həm Ermənistanda, həm də dünyanın hər tərəfində maraqla izlənilən, çox yüksək səviyyəli bir görüş oldu. Bu da təsadüfi deyildi. Çünki ABŞ Prezidenti, dünyanın bir nömrəli supergücünün rəhbəri Donald Tramp hər liderlə belə davranmır, belə müzakirələr aparmır. Azərbaycan Prezidentinə göstərilən münasibət isə ayrıca müzakirə mövzusudur. Çünki həqiqətən də ABŞ kimi qlobal bir gücün rəhbəri olan Donald Tramp Azərbaycan Prezidentinə bərabər münasibət göstərdi. Yəni, münasibətdə "mən daha böyük dövlətin, hətta bir nömrəli qlobal gücün rəhbəriyəm" yanaşması yox idi. Əksinə, Donald Tramp ilə Azərbaycan Prezidentinin görüşündə davamlı olaraq gördük ki, Tramp özü bu görüşdən çox məmnundur, hətta xüsusi sevinc içindədir. Bu isə Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə olan böyük ehtiramdan qaynaqlanır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Müzakirə olunan məsələlər barədə dünən də, bu gün də, ümumiyyətlə, günlərdir fikirlər səsləndirilir. Əlbəttə ki, bizim üçün bir nömrəli məsələ Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Bu istiqamətdə razılaşma əldə olunub, müqavilənin özü isə daha gec bir vaxtda imzalanacaq. Ondan sonra Zəngəzur dəhlizi ilə bağlı bəzi qaranlıq məqamlar aydınlığa qovuşdurulacaq. Yəni, "Zəngəzur yolu" adı altında ərazinin ABŞ-a icarəyə verilməsi nəzərdə tutulur və Azərbaycanın şərtləri qəbul ediləcək. Bu halda biz Azərbaycanın böyük ərazisindən, Naxçıvan istiqamətində və əks istiqamətdə nəzarətsiz hərəkət edə biləcəyik.

Üçüncü mühüm məsələ ABŞ-la strateji tərəfdaşlıq məsələlərinin müzakirəsi üçün işçi qrupunun yaradılmasıdır. Dördüncü əsas məsələ isə "Azadlığı Müdafiə Aktı"nın 907-ci düzəlişinin ləğvi istiqamətində atılan addımdır. Hələlik onun tətbiqi və təsir gücü dayandırılır, amma gələcəkdə bu düzəlişin tamamilə ləğvi üçün diplomatik səylərin artırılması gözlənilir.

Bunlarla yanaşı, tərəflərin Ermənistanla Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaq məxrəcə gəlməsi də xüsusi vurğulanmalıdır. Bu məsələlərin müzakirəsi Azərbaycanın arzuladığı şərtlər çərçivəsində aparıldı və bütün nəticələr Azərbaycanın istədiyi kimi oldu. Azərbaycan dövləti olaraq bütün nəticələrdən tam razıyıq, narahatlıq doğuran heç bir məqam yoxdur.

Bir daha qeyd etmək istəyirəm ki, Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi xüsusi diqqət və ehtiram ayrıca müzakirə mövzusudur. Görürük ki, beynəlxalq mediada da bu məsələyə xüsusi yer verilir. Bu təsadüfdürmü? Əlbəttə ki, deyil. Azərbaycan Prezidenti elə bir səviyyəli liderdir ki, dünyanın bir nömrəli supergücünün rəhbəri onunla bərabər davranmağı uyğun hesab edir.

Bilirsiniz ki, Donald Tramp bir qədər özünəməxsus, bəzən də şıltaq xarakteri ilə tanınır. O, başqa dövlətlərin rəhbərlərini bəzən masa arxasında uyğunsuz şəkildə oturtması və ya onlarla bir qədər üstün tonda danışması ilə diqqət çəkir. Amma Azərbaycan Prezidenti ilə nəinki belə hallar baş verdi, əksinə, Donald Tramp onunla həvəs və sevinc içində, bərabər şəkildə danışdı və davrandı. Bu isə İlham Əliyevin bir lider kimi şəxsiyyətindən və nüfuzundan qaynaqlanır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31