Zəngəzur dəhlizinin idarəsi: ABŞ-Rusiya geosiyasi rəqabəti – ÖZƏL
15:59 Siyasət"Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış 10 noyabr sənədi var. Bu sənəddə əsasən nəqliyyat infrastrukturunun açılması və Zəngəzur dəhlizində Rusiyanın nəzarət etməsi barədə öhdəlik nəzərdə tutulmuşdu. Lakin bu illər ərzində Ermənistan öz üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədi. Vaxtı uzatmaqda əsas məqsədi isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsinin qarşısını almaq idi".
Bu fikirləri məsələni Olaylar.az-a şərh edərkən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanı hakimiyyətə gətirən ABŞ, Zəngəzur dəhlizinin Rusiya nəzarətinə verilməsinə qarşı idi. Paşinyana da bu barədə təlimat verilmişdi və o, illər ərzində müxtəlif bəhanələr gətirərək prosesi uzatdı. Nəticədə, 10 noyabr sənədinin 9-cu bəndində qeyd olunan "Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti" məsələsinin qarşısı faktiki olaraq alındı. İndi isə həmin dəhlizin ABŞ nəzarətinə verilməsi barədə razılıq formalaşıb. Məqsəd ondan ibarətdir ki, Zəngəzur dəhlizinə nəzarət etmək, dolayısı ilə Orta Dəhlizə nəzarət etmək deməkdir. Orta Dəhlizin bir qolu Gürcüstan üzərindən həyata keçirilir, lakin bu marşrut o qədər də rentabelli deyil. Çünki Gürcüstan vasitəsilə daşınan yüklər Avropaya daha baha başa gəlir. Əgər Zəngəzur dəhlizi açılsa, Türkiyə üzərindən Avropaya dəmir yolu xətti ilə daha səmərəli və ucuz daşımalar həyata keçirmək mümkün olacaq. Deməli, Zəngəzur dəhlizinə nəzarət dünyanın iqtisadi-siyasi sisteminə təsir etmək gücünü əldə etmək deməkdir. Bu baxımdan, ABŞ Orta Dəhlizin vacib qolu olan Zəngəzur dəhlizinə nəzarəti ələ alaraq dünya iqtisadiyyatına təsir etmək rıçaqlarından birinə sahib olur. Təbii ki, buna qarşı olaraq regionda geosiyasi vəziyyət gərginləşəcək, çünki Rusiyanın Cənubi Qafqazdakı varlığı Zəngəzur dəhlizi ilə ölçüləcək.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hökumətinin apardığı siyasət Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək məqsədi daşıyır. Əməkdaşlıq əlaqələrinin kəsilməsi, KTMT-dən uzaqlaşma və siyasi qarşıdurma bunun göstəricisidir. Paşinyanın bu məqsədə nə dərəcədə nail olacağı zamanla məlum olacaq. Ancaq görünən odur ki, o, Zəngəzur dəhlizini Rusiyanın nəzarətindən çıxararaq ABŞ-nin nəzarətinə keçməsinə şərait yaradır. Bu isə Rusiya tərəfindən qəbul edilməyəcək, çünki Cənubi Qafqaz Rusiyanın strateji "cənub cinahı"dır və buradan İrana, Türkiyəyə çıxış əldə edilir. Zəngəzur dəhlizinə nəzarət həm də Şimal-Cənub dəhlizinin aktivləşməsi baxımından vacibdir.
A. Məsiyev qeyd edib ki, əgər Rusiya Zəngəzur dəhlizinə nəzarət etsəydi, bu, ona qlobal iqtisadi təsir imkanları qazandırardı. Eyni zamanda, Türkiyə ilə dəmir yolu nəqliyyatını inkişaf etdirmək imkanı yaranardı. Lakin ABŞ bu dəhlizə nəzarət edəcəksə, Rusiyanın dünya arenasında təcrid edilməsinə yönəlmiş siyasətini davam etdirəcək və bu istiqamətdə maneələr yaradacaq. Beləliklə, Cənubi Qafqazda yeni gərginlik ocağı formalaşır. Zəngəzur dəhlizinə ABŞ hərbi kontingentinin gətirilməsi də gözlənilir ki, bu da İran üçün strateji baxımdan qəbuledilməzdir. Çünki ABŞ-nin İran sərhədində hərbi mövcudluğu birbaşa Tehranın maraqlarına ziddir. Artıq Cənubi Qafqazda qlobal güclərin aktiv qarşıdurması başlayır. Bu, ABŞ və Rusiya arasında gedən strateji savaşın ikinci episentri olacaq (birincisi Ukraynadır). Proseslər regionda gərginliyin artmasına gətirib çıxarır.
Siyasi şərhçi bildirib ki, Azərbaycan isə qonşularla dinc yanaşı yaşamaq siyasətini davam etdirir. Dəfələrlə bəyan olunub ki, Zəngəzur dəhlizi yalnız Naxçıvana maneəsiz gediş-gəliş təmin ediləcəyi halda açılacaq. Bu halda Ermənistan dəmir yolundan Orta Asiya və Rusiya ilə əlaqələr üçün istifadə edə biləcək, blokadadan çıxacaq. Azərbaycan üçün əsas məsələ Naxçıvana təhlükəsiz və maneəsiz gediş-gəlişə zəmanət verilməsidir - istər buna Rusiya, istərsə də ABŞ nəzarət etsin. İndi məsələ Ermənistan-Azərbaycan maraqlarından çıxaraq qlobal müstəviyə keçib. Zəngəzur dəhlizi uğrunda ABŞ və Rusiya arasında geosiyasi mübarizə gedir. Ermənistan tərəfi artıq ABŞ-nin bu dəhlizə nəzarət mexanizmini işə salır. Bu isə Rusiyanın Ermənistanda daxili siyasi proseslərə təsirini artıracaq. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin vaxta qədər Rusiya, Ermənistanda öz tərəfdarlarını gücləndirmək və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrdən istifadə edəcək. Bu isə Qafqazda yeni siyasi situasiyanın yaranmasına səbəb olacaq.
"Azərbaycan Prezidentinin ABŞ-də keçirdiyi görüşlər balanslaşdırılmış və neytral siyasətin bariz nümunəsidir. Azərbaycan həm Şimal, həm Cənub, həm Şərq, həm də Qərblə iqtisadi və siyasi maraqlarını uzlaşdırır. Qoşulmama Hərəkatının üzvü olan ölkə heç bir hərbi bloka qoşulmur və maraqlarını beynəlxalq hüquq çərçivəsində qoruyur. Azərbaycan Avropa ilə iqtisadi əməkdaşlıq edir və bir sıra ölkələrin enerji təhlükəsizliyini təmin edir. İranla da dialoq və əməkdaşlıq davam etdirilir. Bütün bunlar göstərir ki, Azərbaycan çoxtərəfli, qonşularla dinc yanaşı yaşama prinsipinə əsaslanan siyasət həyata keçirir. ABŞ-yə səfər də bu balanslı siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir," - deyə A. Məsiyev əlavə edib.
Sevda