“Mina problemi hələ uzun illər bizi müşayiət edəcək” – Üzeyir Cəfərov – ÖZƏL
31 İyul 17:07 Siyasət"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə minalar və partlamamış hərbi sursatlardan əziyyət çəkməyə davam edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, xüsusilə 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror tədbirlərindən sonra bu problem aktuallığını qoruyur: "Zaman-zaman insan itkisi və ya xəsarət halları ilə bağlı xəbərlər eşidirik. Bu, təbii olaraq, Ağdamın Xıdırlı kəndi və digər ərazilərə qayıdış proqramı çərçivəsində həyata keçirilən proseslərə də mənfi təsir göstərir. Əsas məsələ ondadır ki, son 5 ildə xeyli ərazi minalardan təmizlənib, bu doğrudur. Lakin bu, hələ də yetərli deyil. Mənim düşüncəmə görə, proses müəyyən qədər ləngiyib. Bu məsələyə ciddi diqqət ayrılmalıdır. Çünki çirklənmiş ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün bizə illər, hətta onilliklər lazımdır.
Bu vəziyyət insanlar üçün həm həyati, həm də psixoloji baxımdan ciddi təzyiq yaradır. Onlar həmin ərazilərdə özlərini sərbəst hiss edə bilmirlər. Sabah bu torpaqlarda əkin-biçin, kənd təsərrüfatı, turizm və digər fəaliyyətləri həyata keçirmək üçün hələ də müəyyən narahatlıq və qorxular mövcuddur. Bu, tamamilə başadüşüləndir".
Ekspertin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana təqdim edilən mina xəritələrinin dəqiqlik faizi isə çox aşağıdır - 30%-i belə keçmir. Çünki Ermənistan ordusu minaları xaotik şəkildə basdırıb. Üstəlik, o ərazilərdə yalnız Ermənistan ordusu yox, muzdlu dəstələr, könüllülər və müxtəlif ölkələrdən gəlmiş silahlılar da fəaliyyət göstəriblər. Onların bir qismi minaları basdırarkən heç xəritə tərtib etməyiblər. Bu isə əlavə problem yaradır. Buna görə də minlərlə hektar ərazi hələ də mina təhlükəsi ilə çirklənmiş vəziyyətdədir. Minalar 30 ilə yaxın müddətdə torpaqda qalıb və çox vaxt tamamilə aşınıb. Hətta 2023-cü ildə keçirilən qısamüddətli antiterror əməliyyatından sonra belə, Ermənistan istehsalı olan piyadalar əleyhinə minalar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə gətirilərək basdırılmışdı.
Ü. Cəfərov əlavə edib ki, biz Vətən müharibəsindən sonra da xeyli sayda insanımızı bu səbəbdən itirmişik: "Onların arasında jurnalistlər, televiziya işçiləri, mülki şəxslər və ANAMA əməkdaşları da var. Ermənistanın təqdim etdiyi xəritələrin natamamlığı bu məsuliyyəti onların üzərindən götürmür. Ancaq bu işin əsas yükü yenə Azərbaycanın üzərində qalır. ANAMA bu məsələni təkbaşına həll edə bilməz. Müdafiə Nazirliyinin və digər güc strukturlarının mühəndis-istehkam taburları da bu işi görmək üçün hələ uzun müddət fəaliyyət göstərməli olacaq.
Xüsusilə Böyük Qayıdış proqramı çərçivəsində, geri dönən insanların yaşayacağı ərazilərə yaxın yerlərdə mütləq şəkildə mina təmizləmə işləri aparılmalıdır. İnsanlar xəbərdar edilməlidir ki, müəyyən radiusda, məsələn, 1-2 km məsafədə hələlik hərəkət etməsinlər. Bu zonalar işarələnməli, marşrutlar müəyyən olunmalı və təhlükəsizlik strategiyamızın əsas hissəsi olan maarifləndirmə tədbirləri gücləndirilməlidir".
"Bu gün televiziyalarda, ümumilikdə KİV-də şou proqramlar üstünlük təşkil edir. Halbuki ANAMA və digər qurumların maarifləndirici tədbirləri, videorolikləri, elan və bildirişləri dövlət qurumları vasitəsilə mütəmadi şəkildə yayımlanmalıdır ki, insanlarımızın həyat və sağlamlığı qorunsun.
Bu məsələ bizim təhlükəsizlik strategiyamızın əsas istiqamətlərindən biri kimi düşünülməli, tətbiq olunmalıdır. İnsanlar hara köçür, hara yerləşirlərsə, bilməlidirlər ki, onları nə gözləyir. Onların özləri də diqqətli olmalı, mal-qaranın otarılması, əkin-biçin və ya turizm fəaliyyətləri zamanı maksimum ehtiyatlı davranmalıdırlar" - deyə, ekspert sonda bildirib.
Səidə Ramazanova