“Zelenski getməsə, müharibə 2026-cı ilə qədər uzana bilər” – Şakir Ağayev – ÖZƏL

"Zelenskinin son açıqlamalarına əsasən, onun sülh danışıqları üçün nümayəndə heyəti yaratması məsələsi gündəmdə olsa da, bu təşəbbüsün nə dərəcədə real və həyata keçə bilən olduğu sual doğurur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Zelenskinin hakimiyyətdə qalması, əslində, Rusiya ilə müharibənin davamı anlamına gəlir. Çünki Rusiya onu Ukraynanın legitim prezidenti kimi tanımır, Zelenski isə Rusiyaya qarşı danışıqlara qadağa qoyub. O, daha çox Amerika yox, məhz Avropanın, xüsusilə də Böyük Britaniyanın mövqeyinə uyğun davranır. Bu baxımdan, Zelenskinin bir növ "İngilis layihəsi" olduğu deyilir. Trampın hakimiyyətə gəlmək niyyətində əsas məqsədlərdən biri Ukrayna müharibəsinə son qoymaq idi. Hətta əvvəlcə bu məsələni çox sadə görürdü - "24 saata həll edərəm" deyirdi. Sonra 100 gün, daha sonra 50 gün vaxt istədi. Lakin məsələnin dərinliyinə varıldıqca, məlum oldu ki, bu müharibə sadəcə ABŞ-nin deyil, həm də Avropanın və NATO-nun Rusiya ilə mübarizəsidir. Bu səbəbdən də, Zelenskinin getməsi bəzi Qərb dairələrinin maraqlarına uyğun deyil. Amma onun hakimiyyətdən getməsi Ukraynada siyasi sabitlik üçün bir başlanğıc ola bilər.

Ş. Ağayev qeyd edib ki, Ukrayna xalqı müharibə şəraitindədir, ancaq bu müharibə o qədər uzun çəkdi ki, artıq ictimaiyyətin də yorğunluğu hiss olunur - istər Ukraynada, istər Avropada, istərsə də ABŞ-də. Rusiyada da həm hərbi itkilər, həm də iqtisadi çətinliklər var. Belə bir şəraitdə, tərəflərin müharibənin bitməsini istəməsi başa düşüləndir. Lakin müharibənin hazırkı vəziyyətdə sona çatması Zelenski üçün siyasi baxımdan çox ağır nəticələr doğura bilər. Ona görə də o, hakimiyyətdə qalmaq üçün bütün vasitələrə əl atacaq. Məsələn, ABŞ dəstəyi ilə yaradılan və korrupsiyaya qarşı mübarizə aparan müstəqil bir agentlik Ukraynada fəaliyyət göstərirdi. Lakin Rada bu qurumu ləğv etmə qərarı aldı və Prezident Zelenski dərhal həmin qərarı təsdiqlədi. Agentliyin rəhbəri həbs edildi. Bu hadisə Qərb mediasında birmənalı qarşılanmadı. Çünki bu agentlik Amerikanın təşəbbüsü ilə qurulmuşdu və Ukraynada korrupsiyaya qarşı mübarizə, müstəqil məhkəmə sistemi kimi məsələləri nəzarətdə saxlayırdı.

Siyasi şərhçinin sözlərinə görə, Zelenski hakimiyyətdən könüllü getmək niyyətində deyil: "Həm Ukraynaya, həm də Rusiyaya müxtəlif təzyiqlər var ki, bu müharibə bitsin. Trampın dediyi "50 günlük" zaman çərçivəsi də əslində bu təzyiqlərlə bağlıdır. Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına müəyyən zərbə vursa da, onun tam çökməsinə səbəb olmadı. Rusiya artıq bu sanksiyalara uyğunlaşdığını bəyan edir. Digər tərəfdən, Ukraynada hakimiyyət yalnız Zelenskidən ibarət deyil. Onun administrasiya rəhbəri Yermak əslində daha güclü təsirə malik fiqurdur. Hazırda bir çox nazirlər də məhz Yermaka yaxın şəxslərdir. Yəni ölkədə real siyasi güc balansı tam aydın deyil.
Bütün bunlara baxmayaraq, müharibənin bitməsi üçün müəyyən addımlar atılır. Bunun bu il baş verəcəyi inandırıcı olmasa da, zamanla dəyişiklik ola bilər. Əgər Zelenski hakimiyyətdə qalsa və mövcud vəziyyət davam etsə, müharibənin 2026-cı ilə qədər uzanması ehtimalı real görünür".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31