ABŞ Zelenskini “xərcləyəcək”? - Putin müharibəni dayandırmaq zorunda
10:28 SiyasətAmerikalı jurnalist Seymur Herş ilginc iddia irəli sürüb. O bildirib ki, Vaşinqton Vladimir Zelenskini əvəzləmək qərarına gəlsə, hazırda Britaniyada səfir olan Valeri Zalujni yaxın aylarda Ukrayna prezidenti postunu tuta bilər.
Jurnalist yazır ki, Donald Tramp administrasiyası müvafiq qərara gələrsə, Ukrayna prezidenti "qovulma" siyahısına daxil ediləcək. Herşin danışdığı amerikalı məmurlardan biri deyib: "Zelenski öz xoşuyla getməkdən imtina edərsə, onu məcbur edəcəklər".
Herş həmçinin iddia edir ki, ABŞ və Ukraynanın güc dairələrində Rusiya ilə hava müharibəsinə təcili son qoymaq zərurəti ilə bağlı fikirlər artmaqdadır. Vaşinqton ehtiyat edir ki, gecikmə Vladimir Putinlə danışıqlar üçün fürsət pəncərəsini bağlaya bilər.
Bu iddialarda həqiqət payı nə qədərdir və Ukraynadakı müharibənin taleyinə necə təsir edə bilər?
Bu arada avstraliyalı hərbi analitik Mayk Rayan deyib ki, Putin, böyük ehtimalla, bu il müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı indiki vəziyyətə çox davam gətirə bilməz. "Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür. Söhbət iqtisadi çətinliklərdən, piyada qoşunların döyüş qabiliyyətinin xeyli zəifləməsindən, eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir. İyun ayında Putin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını bildirmişdi. Bu onu göstərir ki, Putin müharibəni güclü mövqedə bitirmək üçün hazırda əlindəki bütün imkanları səfərbər edir", - ekspert qeyd edib.
Kamran Məmmədli
Olaylar.az xəbər verir ki, siyasi şərhçi Kamran Məmmədli "Yeni Müsavat"a deyib ki, Ukrayna savaşı artıq diplomatik kulislərə keçildiyi, silah səslərinin yerini qapalı danışıqların aldığı bir dövrə qədəm qoyub: "Seymur Herşin ortaya atdığı iddialar bu fonu daha da aydın göstərir: Zelenskinin siyasi ömrü sonuna yaxınlaşır. Vaşinqton onun əvəzinə artıq "B planı"nı hazırlayıb.
Burada söhbət sadəcə Zelenskinin siyasi taleyindən getmir. ABŞ-ın Ukrayna ilə bağlı strategiyasının kökündən dəyişmək ehtimalından, daha dəqiqi, yeni sürətli danışıqlar konsepsiyasına keçmək planlarından bəhs olunur. Herşin qeyd etdiyi kimi, Britaniyada səfir vəzifəsinə göndərilən Valeri Zalujnının prezidentlik üçün hazırlanması əslində bu planın açıq siqnalıdır".
Siyasi şərhçi vurğulayıb ki, Qərb, xüsusilə ABŞ siyasi müttəfiqlərinə şəxsi sədaqət əsasında deyil, funksional fayda prizmasından yanaşır: "Yəni bir lider lazım olduqca dəstəklənir, faydasını itirdikdə isə səhnədən çıxarılır. Zelenskinin də taleyi bu ssenarinin klassik formasıdır. Onun hakimiyyətdə qalması artıq ABŞ üçün Ukrayna savaşını idarə etmək baxımından faydalı deyil. Müharibə uzanır, Rusiya irəliləyir, Qərb cəmiyyətlərində isə Ukraynaya dəstək tükənir".
Siyasi şərhçi deyib ki, ən önəmlisi isə budur ki, ABŞ və NATO üçün əsas məsələ artıq Ukraynanın tam qələbəsi deyil, Rusiyanı sabit və zəif bir vəziyyətdə danışıqlara məcbur etməkdir:"Bu isə Zelenskinin ritorikası və inadkarlığı ilə uyğun gəlmir. Valeri Zalujnı isə Ukrayna ordusunun keçmiş baş komandanı olaraq Qərbin hərbi dairələri üçün tanış və daha təlimatlara açıq bir fiqurdur. Onun Britaniyada səfir təyin olunması isə siyasi yox, strateji gedişdir. Əslində bu bir növ siyasi karantindir. O, həm Ukraynadakı daxili savaşdan uzaqlaşdırılıb, həm də gələcək siyasi liderliyə hazırlıq üçün təhlükəsiz zonaya alınıb. Zalujnı ilə ABŞ-ın işləməsi, hərbi-siyasi idarəetmədə daha praqmatik modelə keçid deməkdir. Qərb daimi müharibəyə deyil, idarəolunan və nəzarətdə olan sabitliyə üstünlük verir. Zalujnı isə bu sabitliyin simvolu ola bilər".
Siyasi şərhçi Herşin Rusiya Prezidenti Vladimir Putinə aid iddiasına da toxunub: "Herşin iddiasına görə, ABŞ artıq gecikmək istəmir və Rusiya ilə barışıq üçün fürsət pəncərəsinin bağlanmasından ehtiyat edir. Eyni qaydada, Putin də bu fürsətin əlindən çıxmasını istəmir. Avstraliyalı analitik Mayk Rayanın fikirlərini təsdiqləyən reallıq budur ki, Rusiya iqtisadiyyatı kritik həddə çatıb. Müharibənin davam etməsi Rusiya üçün nə iqtisadi, nə də siyasi baxımdan uzunmüddətli perspektivdə dayanıqlı deyil. Şimali Koreya və Çindən asılılıq artıb, daxili sosial-iqtisadi gərginlik yüksəlir, Qərbin sanksiyaları və texnoloji blokadası isə Rusiya hərbi sənayesinin nəfəsini kəsir. Putin iyunda hərbi xərclərin 2025-ci ildən azaldılacağını açıqlayaraq əslində hazırlıqlı geriçəkilmə planını ictimailəşdirmişdi. Onun istəyi müharibəni güclü mövqedən bitirməkdir. Ancaq bu mövqe hərbi cəbhədə yox, siyasi-diplomatik manevrlərdə ola bilər. Bu isə o deməkdir ki, Ukrayna savaşında yeni mərhələ başlayır. Liderlər, prioritetlər dəyişir, strateji məqsədlər yenilənir. Zelenski artıq Qərb üçün keçmiş layihədir. Onun yerini Qərbin təlimatlarına uyğun hərəkət edəcək, müharibəni barışıqla əvəzləməyə hazır olan bir lider almalıdır. İndiki halda bu Zalujnıdır".
Siyasi şərhçi bu dəyişikliyin Rusiya ilə barışığın başlanğıcı ola biləcəyini istisna etmir: "Ola bilər ki, yeni geosiyasi razılaşmalar Ukraynanın daxili siyasi xəritəsinin yenidən çəkilməsi və müharibənin təkcə cəbhədə deyil, masada da aparılması olacaq".