Zəngəzur dəhlizi – Azərbaycanın təklif etdiyi, Ermənistanın ləngitdiyi yol - ÖZƏL
22 İyul 2025 16:22 SiyasətPrezident İlham Əliyev Xankəndidə keçirilən media forumda Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, Ermənistan beş ildir bu istiqamətdə heç bir addım atmır. Dövlət başçısı Ermənistanın bölgədə tranzit imkanlarını itirdiyini və əgər bu siyasət davam edərsə, daha da təcrid olunacağını vurğulayıb. İlham Əliyev eyni zamanda ABŞ şirkətinin dəhlizi icarəyə götürməsi ehtimalına da münasibət bildirib: "Bizim ərazimizdə heç bir xarici operator ola bilməz".
Ermənistan baş naziri Paşinyan isə ABŞ-nin təklifinin gündəmdə olduğunu, hətta razılaşmanın mümkünlüyünü bildirib. O, bu cür ekstraterritorial idarəetmənin ölkəsinin suverenliyinə zərər vurmadığını düşünür. Rus mediası ABŞ-nin iştirakına Bakı və Ankaranın ehtiyatla yanaşdığını yazır.
Zəngəzur dəhlizinin üçüncü tərəfin - xüsusilə ABŞ-nin - idarəçiliyinə verilməsi regionda hansı geosiyasi balans pozuntularına səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:
" Zəngəzur dəhlizi özünə məxsus bir qıfıla çevrilib və bu qıfılın üzərində dayanan şər qüvvələr, qara qüvvələr çalışırlar ki, bu qıfılın açarı tapılmasın. Amma bu qıfılın açarını əvvəlcədən Azərbaycan verib. Yəni, Azərbaycan diplomatiyası məsələyə çox aydın və rasional yanaşır, bildirir ki, bu dəhliz kiminsə inhisarında olmamalıdır. Baxmayaraq ki, kimin ərazisindən keçir və s., bu məsələnin beynəlxalq əhəmiyyəti var.
Birincisi, bu dəhliz qitələrarası əlaqəni genişləndirir. Digər tərəfdən, artan yükdaşımalarına cavab olaraq, bu cür yeni yollar ortaya çıxmalıdır. Çünki ildən-ilə tələbat artır, istehsal güclərinin hasil etdiyi mallar və çeşidlər də həcmi baxımından ciddi şəkildə böyüyür. Ona görə də yeni marşrutlara, yeni keçidlərə, yeni dəhlizlərə böyük ehtiyac var.
ABŞ də bu prosesdə maraqlı tərəfdir. ABŞ dünyanın bir növ aparıcı ölkəsidir və demək olar ki, sərhəddən sərhədə hər yerdə mövcudluğunu göstərmək və təsdiqləmək istəyir. Bu bölgədə də biz bilirik ki, ciddi ziddiyyətlər var. Bu ziddiyyətlərin başında Ermənistan və onu dəstəkləyən ölkələr durur.
Biz görürük ki, Avropa İttifaqında hansı ölkələr Ermənistana, yəni rəsmi İrəvana, onun pozucu siyasətinə dəstək verirlər. Bu - Fransadır, Belçikadır, Niderlanddır. Başqa ölkələr də var ki, onlar odun üstünə su tökmək əvəzinə, əksinə, onun üstünə yağ tökür, dağıdıcı materiallar atırlar və çalışırlar ki, bu tüstülü və qaynar vəziyyət daim gündəmdə qalsın.
Ancaq bu, keçərli məsələ deyil. Çünki bu vəziyyətdən ilk növbədə Ermənistan özü əziyyət çəkir. Ermənistanın elə bir gücü və bacarığı yoxdur ki, hər hansı bir məsələ ilə bağlı suveren qərar versin. Təəssüf ki, Ermənistan bu cür natamam vəziyyətdədir. Onun siyasi elitası sözün əsl mənasında çaşqınlıq içindədir: gah sağa baxır, gah sola, gah da xaricdən dəstək axtarır.
Belə davam edə bilməz. Ermənistan bölgədə özünü dalana salmaqla eyni zamanda bölgənin inkişafına da mane olur.
Ola bilər ki, burada Rusiya məsələsi var. Rusiya rəhbərliyi məsələyə Amerikaya qarşı durmaq prizmasından baxır. İran da bu istiqamətdə Amerikaya qarşı mövqe sərgiləyə bilər. Amma mediada yayılan məlumatlara görə, güya ABŞ və İran diplomatları bu məsələ ilə bağlı məxfi şəkildə razılıq əldə ediblər. Rusiya ilə bağlı isə vəziyyət hələ aydın deyil.
Bu proses çox uzun çəkə bilməz. Zəngəzur dəhlizi məsələsi nə vaxt gündəmə gəldi? 2020-ci il, 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinin açılması açıq şəkildə qeyd olunub. Orada bildirilir ki, bu dəhliz açılmalıdır.
Uzun illər Ermənistanın işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqaz sanki qıfıllanmış vəziyyətdə idi. Nəhayət, Azərbaycan işğalçıya cavab verdikdən sonra bir çox məsələlərdə aydınlıq yarandı, bir çox proseslər açılışa doğru hərəkət etməyə başladı. Bölgənin özündə böyük dinamik potensial var və bu potensial bütün ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə də faydalar vəd edir.
Əgər belə bir perspektiv açıq şəkildə görünürsə, ölkələr və xalqlar niyə bundan istifadə etməsinlər? Niyə qazanc əldə etməsinlər? Paradoksal vəziyyət də bundadır.
Ermənistan nə özü çalışır, nə fəaliyyət göstərir, nə də başqalarına imkan verir. Amma biz artıq Ermənistanın yadına salmışıq ki, sən bu bölgədə tək deyilsən. Onsuz da Azərbaycan Ermənistanın iştirakı olmadan özünün vacib, əsas, əmək tutumlu, kapital tutumlu enerji və nəqliyyat-kommunikasiya layihələrini həyata keçirib.
Ermənistan isə hələ də passiv vəziyyətdə qalır. Amma Azərbaycan bununla barışa bilməz. Çünki Ermənistan da bu proseslərə qatılsa, özü də fayda götürər. Azərbaycan 2020-ci ildən dərhal sonra Ermənistana bu təklifi verdi: gəlin, inteqrasiya proseslərinə qoşulun, birlikdə yeni zirvələr fəth edək, həyata keçirdiyimiz layihələrdən birgə pay alaq.
Buna baxmayaraq, Ermənistan burada tormoz rolunu oynamağa çalışır.
Fransanın buraya nə əlaqəsi var? Uzaqda yerləşən ölkədir, amma Ermənistanın əli ilə burada pozuculuq fəaliyyətini həyata keçirmək istəyir. Azərbaycanın sürətli inkişafının qarşısını almaq, Azərbaycanın xarici aləmlə rabitəsini pozmaq istəyirlər.
Bu, aydın məsələdir. Azərbaycan Xəzər hövzəsində yerləşən ölkədir, amma böyük okeanlara birbaşa çıxışı yoxdur. Biz üçüncü ölkələrin vasitəsilə əlaqə qururuq. Ermənistanın özü də həmçinin. Ona görə də bu dəhlizin açılması bizim üçün son dərəcə vacibdir.
Və buna geosiyasi layihə kimi yox, geo-iqtisadi layihə kimi baxmaq lazımdır. Bəzi qüvvələr bilərəkdən bu məsələyə siyasi çalarlar qataraq insanları qorxutmağa çalışırlar - guya müharibə şəraiti formalaşır və s. Xeyr! Burada söhbət iqtisadiyyatdan, yükdaşımalarından, yeni bir dəhlizin açılmasından gedir.
Bu, Orta Dəhlizdir və bu dəhlizlə maraqlanan onlarla ölkə var - Çindən tutmuş Avropaya qədər. Ona görə də hesab edirəm ki, artıq Ermənistan məsuliyyət hissini dərk etməlidir. ABŞ və digər maraqlı ölkələr də elə bir konsensus formalaşdırmalıdırlar ki, bu dəhliz fəaliyyətə başlasın.
Bunun üçün bütün imkanlar, potensial var. Qalır yalnız siyasi qətiyyət. O da Azərbaycanda hər zaman olduğu kimi yüksək səviyyədə özünü göstərir"
Zeynəb Mustafazadə