“Skinhed, OMON və polislər Putinin əmrilə qısqırdılır” - Qabil Hüseynli
“Siyasi məqsəd, arxasında siyasi qüvvə olmadan belə iri miqyaslı hərəkatın olması inandırıcı deyil”
6 Noyabr 2013 15:42 Siyasət"Rusiyada baş verən gərgin hadisələrə şərh vermək çətindir. Bir tərəfdən Vladimir Putin federasiyada yaşayan miqrantların ölkə üçün əhəmiyyətindən, rusların da qarışıq millət olmasından danışır, digər tərəfdən skinhed, polis və OMON qüvvələri azərbaycanlılar qarışıq bütün miqrantlara divan tuturlar" - politoloq Qabil Hüseynli Rusiyada miqrantlara qarşı baş verən son hadisələrə münasibət bildirərkən belə deyib. Q.Hüseynli bildirib ki, qeyri-millətlərə qarşı baş verən proseslər artıq polis və hüquq mühafizə orqanlarının nəzarətindən çıxaraq yerli rusların əlinə keçir. Əhali millətçilik hərəkatına başlayıb. Politoloq hesab edir ki, Kreml bir tərəfdən keçmiş sovet ölkələrinin rəğbətini qazanmağa səy göstərir, o biri tərəfdən də Rusiya iqtisadiyyatı və təchizatınının əsas hissəsini təşkil edən miqrantlara qarşı divan tutur. Rus iqtisadiyyatını miqrantlar formalaşdırıb. Ölkədə ən ucuz işçi qüvvəsinin qeyri-millətlər olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, ayaqyolundan tutmuş kiçik marketlərə qədər miqrant əməyi var. Bunun müqabilində onların başına oyun açırlar: "Elə bil rus ayısı oyanıb, qabağına gələni basıb yeyir. Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, adam balası olsa Ermənistan bütün bu proseslərə kəskin şəkildə etiraz etməlidirlər. Rusiyanın hakimiyyət orqanlarına müraciət olunmalıdır. Çünki bu hadisələrin arxasında hərbi-siyasi qüvvələrin dayandığı şəksizdir. Proses dayanmır, əksinə miqyası gedikcə genişlənir. Bunun müqabilində Rusiyada yaşayan miqrantların öz ölkələrinə qayıtması prosesi başlaya bilər. Bu da arzuolunan nəticələr ortaya qoymayacaq". Q.Hüseynli baş verən hadisələrin arxasında Rusiya hakimiyyətinin olub-olmaması məsələsinə aydınlıq gətirərək bildirib ki, avtoritar ölkədə belə hadisələr birinci şəxsin icazəsi olmadan baş verə bilməz. Politoloq hesab edir ki, Rusiya demokratik ölkə olsaydı müəyyən mənada başa düşülən olardı: "Amma federasiyada baş verən hadisələr hakimiyyət tərəfindən idarə edilir. Dövlət Dumasından Jirinovski və başqaları, Kremldən Putin və Medvedyev skinhed, polis və OMON-çuları miqrantların üzünə qısqırdırlar. Siyasi məqsəd, arxasında siyasi qüvvə olmadan belə iri miqyaslı hərəkatın olması inandırıcı deyil". ("OLAYLAR" İA)