“Təl-Əviv Suriya ilə Türkiyə ittifaqını təhlükə kimi görür” – Taleh Əliyev – ÖZƏL

İsrail ordusu Suriyanın, o cümlədən paytaxt Dəməşqin üzərinə raket zərbələri endirib. Hərbi əməliyyatların yenidən intensivləşməsi regionda gərginliyin daha da artmasına səbəb olub. Rəsmi Təl-Əviv hücumları Suriyanın cənubundakı druz icmasının "qorunması" ilə izah etsə də, ekspertlər bu addımların arxasında daha geniş geosiyasi məqsədlərin dayandığını qeyd edirlər.

"Suriya ilə bağlı İsrail dövlətinin narahatlığını artıran əsas səbəblərdən biri hazırkı Suriya hakimiyyətinin Türkiyə ilə getdikcə yaxınlaşması və demək olar ki, Ankaranın Suriyanın regional müttəfiqi rolunu oynamağa başlamasıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, İsrail tərəfi hesab edir ki, Suriyanın sabit və mərkəzləşdirilmiş bir dövlətə çevrilməsi və eyni zamanda Türkiyə ilə müttəfiq olması, perspektivdə ciddi gərginliklərə yol aça bilər. Lakin nəzərə almalıyıq ki, hazırkı keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Trampla görüşməsi və ardınca Avropa ölkələri ilə münasibətlərin normallaşdırılması kontekstində verdiyi açıqlamalar, Suriyanın qonşu dövlətlərə - xüsusilə də İsrailə münasibətdə normal və qarşılıqlı əməkdaşlığa əsaslanan siyasi kurs aparacağı yönündə bəyanatlardır.

T. Əliyev bildirib ki, region siyasətində iki əsas istiqamətdə düzgün mövqe formalaşdırılmalıdır:

"Bunlardan biri "İbrahim Sazişi" adlanan sənəddir. Bu sənəd İsrail dövləti ilə ərəb və digər region dövlətləri arasında əməkdaşlıq formatını ehtiva edir. Əslində, İbrahim Sazişi region ölkələrinin, xüsusilə də ərəb ölkələrinin İsrailin dövlət kimi təhlükəsizliyini tanıması və onunla qarşılıqlı əməkdaşlıq qurması məqsədini daşıyır. Bu sənədi imzalayan ölkələr faktiki olaraq İsrailin regionda mövcudluğunu qəbul etmiş olurlar. İkinci yanaşma isə bəzi radikal yəhudi qrupları tərəfindən irəli sürülən və "vəd olunmuş torpaqlar" adı altında İsrailin sərhədlərini Dəclə və Fərat çayları arasına, hətta Misir ərazisindəki Sina yarımadasına qədər genişləndirmə nəzəridir. Bu yanaşma İsrail dövlətini növbəti illərdə region ölkələri ilə daimi müharibə vəziyyətində saxlayacaq təhlükəli bir siyasi doktrinadır. Əvəzində, İbrahim Sazişi isə İsrailin varlığının ərəb dövlətləri tərəfindən qəbul olunması və regionda sabit, davamlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edə bilər.

Siyasi şərhçinin fikrincə, bu məsələdə İsrail dövləti konkret seçim etməlidir. Əgər məqsəd İbrahim Sazişini inkişaf etdirməkdirsə, o zaman Suriya ilə İsrail arasında elə də ciddi fikir ayrılığı qalmır. Əslində, Prezident Əşşar da İsraillə münasibətlərin normallaşdırılmasına bu gün elə də mane olan tərəf deyil. Çünki Suriyanın dövlət kimi mövcudluğunu hələ də sual altına alan məsələlər qalır: xüsusilə də ABŞ-ın dəstəyi ilə kürd qüvvələrinin Suriyanın ərazi bütövlüyünə təhdid yaratması, ölkənin bəzi bölgələrinin - məsələn, turist bölgələrinin - hələ də Mərkəzi Şam hakimiyyətinə tabe olmaması bu reallıqlardandır. Bu baxımdan, Suriya üçün İsrail kimi güclü bir regional aktorla gərginlik yaratmaq məntiqli deyil. Əgər İsrail tərəfinin əsas hədəfi "vəd olunmuş torpaqlar" ideologiyasıdırsa, bu halda təkcə müharibənin dayanması mümkün deyil, əksinə, münaqişə daha da dərinləşərək regionun digər ölkələrinə də yayılacaq. Çünki bu yanaşma artıq məqsədləri özü müəyyən edir və bu "və'd olunmuş torpaqlarda" Suriya, İordaniya, Livan, hətta İraq kimi dövlətlərin mövcudluğuna belə yer verilmir. İsrail bu iki strateji yanaşmadan birini rəsmi dövlət prioriteti kimi qəbul etməli və onun ardınca getməlidir. Əgər seçim "və'd olunmuş torpaqlar" senarisidirsə, bu, regionda çox genişmiqyaslı, qanlı və uzunmüddətli müharibələrin xəbərçisi olacaq. Yox əgər İsrail İbrahim Sazişi xətti ilə davam etmək niyyətindədirsə, bu, regionda yeni bir sabitlik və rifah dövrünün başlanğıcına çevrilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31