“Sülh sazişi hazırdır, top artıq Ermənistanın meydanındadır” – ÖZƏL

"Azərbaycan və Ermənistan yekun sülh sazişinin mətnini tam şəkildə razılaşdırıblar. Yəni sənəd imzalanmaq üçün artıq hazır vəziyyətdədir. Lakin həmin sənədin imzalanması üçün lazım olan siyasi və hüquqi şərait hələ tam yetişməyib. Çünki bir sıra vacib məqamlar mövcuddur ki, onların da həlli zəruridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hazırda yekun sülh sazişini imzalamağa tam hazır olan tərəf məhz Azərbaycandır: "Azərbaycanın bu sənədin imzalanması qarşısında hər hansı bir əngəli yoxdur. Lakin Ermənistan üçün eyni şeyi demək çətindir. Ermənistan bu vacib sənədi imzalamağa hazır deyil. Bunun başlıca səbəbi Azərbaycanın irəli sürdüyü haqlı tələblərlə bağlıdır. Bu tələblərdən biri ondan ibarətdir ki, Ermənistan yekun sülh sazişini imzalamazdan əvvəl öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları çıxarmalıdır. Çünki bu müddəalar Konstitusiyada qaldıqca, imzalanacaq sülh sazişinin hüquqi və siyasi baxımdan ciddi əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan əvvəlcə bu problemi həll etməlidir ki, sənədin imzalanması qarşısında hüquqi maneə qalmasın. İkinci vacib tələb isə Ermənistanın ATƏT-in faktiki olaraq fəaliyyətini dayandırmış Minsk Qrupunun hüquqi cəhətdən də ləğv olunması üçün Azərbaycanla birgə ATƏT-ə rəsmi müraciət etməsidir. Yəni iki əsas şərt mövcuddur və Ermənistan bu iki şərti mütləq yerinə yetirməlidir. Azərbaycan bu məsələdə qətiyyətli və prinsipial mövqe tutur. Çünki qeyd olunan iki şərt sülh sazişinin hüquqi qüvvə qazanması və bölgədə real nəticələr doğurması üçün son dərəcə əhəmiyyətlidir".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması yalnız bu iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək taleyini bütün istiqamətlər üzrə müsbət məzmunda dəyişə biləcək strateji sənəd olacaq: "Bu sənədin imzalanması böyük məsuliyyət tələb edir və hər iki tərəf bunun fərqindədir. Hazırkı şəraitdə Ermənistan yekun sülh sazişini imzalamağa hazır olmayan tərəfdir. Rəsmi İrəvan hazırda Konstitusiyada dəyişiklik apararaq Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq istiqamətində müəyyən addımlar atmağa çalışır. Bəzi ehtimallara görə, Paşinyan hakimiyyəti bu prosesi yaxın aylarda, hətta noyabr ayına qədər başa çatdırmağı planlaşdırır. Bu məsələdə əsas əngəllərdən biri Ermənistan daxilində Rusiyanın nəzarətində olan casus şəbəkəsi, erməni kilsəsi, oliqarxlar və revanşist müxalifət qüvvələrinin göstərdiyi müqavimətdir. Hazırda Paşinyan hakimiyyəti bu qüvvələri dövlət çevrilişi planlaşdırmaqda ittiham edir və onları zərərsizləşdirmək üçün addımlar atır. Bu çərçivədə bəzi liderlərin həbsi də həyata keçirilir. Böyük ehtimalla, Paşinyan hakimiyyəti sülh sazişinin imzalanması üçün genişmiqyaslı hazırlıq prosesinə başlayıb. Əgər Ermənistan yaxın aylarda Konstitusiyasını dəyişə və Azərbaycana qarşı ərazi iddialarından imtina edə bilsə, sülh sazişi həqiqətən də bu ilin sonuna qədər imzalana bilər. Əks təqdirdə, Ermənistan bu iddialardan tamamilə imtina etməyənə qədər prosesin uzanması ehtimalı qalır".

E. Xalidbəyli sonda qeyd edib ki, bəzi ehtimallara görə, əgər sənəd bu ilin sonuna qədər imzalanacaqsa, o zaman müəyyən aralıq variantların axtarışı da gündəmə gələ bilər. Lakin bu məsələ ilə bağlı detallar hələ ki, tam məlum deyil. Yaxın zamanlarda bu istiqamətdə ümumi vəziyyətin daha da aydınlaşacağı gözlənilir. Bu baxımdan, sənədin ilin sonuna qədər imzalanması üçün qoyulan vaxt real olmayad da bilər. Çünki indiyədək dəfələrlə oxşar bəyanatlar verilsə də, sənəd hələ imzalanmayıb. Yəni, bu prosesin necə inkişaf edəcəyi artıq Ermənistanın atacağı addımlardan asılıdır. Ermənistan qətiyyətli və prinsipial mövqe ortaya qoymalı, siyasi iradə nümayiş etdirməlidir. Yalnız Azərbaycana qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılmasından sonra yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31