Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
12:15 Siyasətİyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Olaylar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.
Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.
Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana.