Rusiyaya inanılmaz zərbə: İki dostunu itirə bilər – MÜHÜM ŞƏRT
15 İyul 20:52 SiyasətABŞ Prezidenti Donald Trampın Rusiyaya qoyduğu şərt dünya mediasında diqqət çəkib. O bildirib ki, Moskva ilə Ukrayna üzrə razılaşma əldə olunmasa, ölkə və onun ticarət tərəfdaşlarından idxal olunan bütün məhsullara 100 faiz idxal rüsumu tətbiq ediləcək. Ekspertlər sözügedən açıqlamanı Rusiya iqtisadiyyatına qarşı ən sərt sanksiyalardan biri kimi qiymətləndirilir.
100 faiz idxal rüsumu nə deməkdir? Belə bir qərarın Kreml üçün iqtisadi və siyasi təsirləri nə ola bilər?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, bu gün Rusiyanın valyutası çox zəifdir və onlar bir çox məhsulları xaricdən dollarla alırlar:
"100 faiz verginin tətbiq olunması o deməkdir ki, Rusiya ABŞ-la ticarətdə artıq əvvəlki gəlirləri əldə edə bilməyəcək. Məsələn, 100 dollara aldığı mala görə 100 dollar da əlavə vergi ödəməlidir. Bu, məhsulun maya dəyərini artırdığı üçün partnyorlar onunla ticarətdən və biznes qurmaqdan imtina edəcəklər. Bu isə Moskvaya çatacaq maliyyənin qarşısını alacaq və dolların azalmasına səbəb olacaq. İkinci tərəfdən, verginin Rusiyanın tərəfdaşlarına da tətbiq olunacağı bildirilir. Yəni bu ölkə ilə biznes əlaqələri saxlayan şirkətlər də Vaşinqtonun təzyiqlərinə tuş gəlməmək üçün Moskva ilə işləri məhdudlaşdıracaqlar. Ümumilikdə, bu, Rusiya biznesinə çox ciddi təsir edəcək".
Politoloq əlavə edib ki, Rusiyanın əsas tərəfdaşları Çin və Şimali Koreyadır:
"Onların tərəfdaşlığı gizlin şəkildə davam edir. Düşünürəm ki, 100 faizlik vergi tətbiq olunarsa, həmin ölkələr mövcud qərarı qəbul etməzdən əvvəl yüz dəfə ölçüb-biçməlidirlər. Ümumilikdə, bu, Rusiyaya böyük iqtisadi zərbə vuracaq. Eyni zamanda, Trampın bəyanatı siyasi baxımdan da Ağ Evin Kremlə etimadının tamamilə itirildiyini göstərir. Əvvəl onlar hesab edirdilər ki, Ukrayna müharibəsinin bitməsi daha çox Kiyevdən asılıdır. Lakin danışıqlar prosesində başa düşdülər ki, bunu istəməyən yeganə şəxs Rusiya Prezidenti Vladimir Putinidir. Bu addım gələcəkdə Moskvanın siyasi izolyasiyasını daha da dərinləşdirəcək".