“Ukraynanın hücumları savaşın taleyini dəyişməyəcək” – Mübariz Göyüşlü - ÖZƏL
15:50 Siyasət"Vaşinqton Post" yazır ki, ABŞ Prezidenti Donald Tramp Zelenski ilə telefon danışığında Ukraynanın niyə Moskvaya hücum etmədiyini soruşub. Zelenski cavabında bildirib: "Bizə silah versəniz, edə bilərik". Tramp Rusiya üzərində təzyiqin artırılması üçün həm Moskva, həm də Sankt-Peterburqun vurğulanmasını vacib sayıb. Onun bu mövqeyi üç səbəblə izah olunur: Putinin guya sülh istəməsi, ABŞ hərbi gücünə inam və Rusiyanı daha sərt danışıqlara məcbur etmək cəhdi.
Ukraynanın Moskvaya hücumu ehtimalı regionda və beynəlxalq münasibətlərdə hansı fəsadlara yol aça bilərmi?
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib ki, Ukraynanın hücumları savaşın taleyini dəyişməyəcək:
" Ukraynanın Rusiyaya hücumları artıq ilk dəfə deyil. Bu, yeni və gözlənilməz bir hal deyil. İndiyədək bir neçə dəfə belə hücumlar təşkil olunub və bu hücumlar arasında Rusiya Federasiyasının paytaxtı Moskva və mühüm şəhərlərindən biri olan Sankt-Peterburq da hədəf alınıb. Yəni artıq bu cür hücumlar müəyyən dövrilik qazanıb və onların növbətisinin baş verməsi qeyri-adi və təəccüblü bir hadisə deyil.
Təbii ki, bu hücumlar nəticəsində Rusiyada müəyyən strateji və ya mülki obyektlərin, inzibati binaların və ya digər mühüm infrastruktur qurğularının zərər görməsi mümkündür. Hətta bəzi hallarda insan tələfatının olması ehtimalı da az deyil. Belə halların baş verməsi isə Rusiyanın reaksiyasını daha da sərtləşdirə və Moskvanın aqressiv addımlarını artıraraq müharibədə daha sərt mövqe tutmasına səbəb ola bilər.
Bütün bunlarla yanaşı, Rusiya Prezidenti Vladimir Putin üçün də bu cür hücumlar müəyyən mənada fürsətə çevrilə bilər. Belə ki, bu hücumları əsas gətirərək, o, Ukrayna ilə danışıqlar masasına əyləşməkdən imtina edə, güzəştli variantlara yaxın durmamaq üçün bəhanə kimi istifadə edə bilər. Yəni, bu cür hücumlar onun daha sərt, heç bir güzəştə getməyən mövqeyini əsaslandırmaq üçün siyasi arqument ola bilər.
Bununla belə, şəxsən mən düşünmürəm ki, Ukraynanın bu hücumları müharibənin ümumi gedişatına köklü və əsaslı təsir göstərə bilər. Ukraynanın bu formada üstünlük qazanacağı və ya bu yolla qələbə əldə edəcəyi ehtimalını da yüksək qiymətləndirmirəm".
Zeynəb Mustafazadə