Zeynal Əmrəliyev: “Zəngəzur dəhlizinə nə ABŞ, nə də Rusiya real nəzarət edə bilər” – ÖZƏL
15 İyul 2025 11:34 SiyasətRusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, ABŞ səfirinin Zəngəzur dəhlizinə nəzarətlə bağlı bəyanatı blef deyil, real plan ola bilər. Onun sözlərinə görə, regionda son vaxtlar müşahidə olunan gərginliklər məhz bu layihə ətrafında baş verən geopolitik mübarizənin nəticəsidir. Zatulin qeyd edib ki, Moskvanın prosesdən kənarda qalması üçün Azərbaycan-Ermənistan münasibətlərində süni gərginlik yaradılır.
Qeyd edək ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu Yorkda jurnalistlərə açıqlamasında ölkəsinin Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.
"ABŞ-nin belə bir təklifi var ki, Zəngəzur dəhlizinə özü nəzarət etsin. Ancaq bu məsələ daha əvvəl Rusiya tərəfindən də səsləndirilmişdi. Rusiya da belə bir təklif irəli sürmüşdü ki, Zəngəzur dəhlizinə məhz Rusiya tərəfi nəzarət etsin".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu fakt onu göstərir ki, Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi nə qədər haqlıdır: "Əgər bu dəhliz əhəmiyyətsiz bir layihə olsaydı, ona bu qədər böyük maraq göstərilməzdi. Beynəlxalq güclərin bu dəhlizə nəzarət uğrunda rəqabət aparması, əslində, onun qlobal miqyasda nə qədər mühüm bir layihə olduğunu sübut edir. Yəni doğrudan da Azərbaycanın qeyd etdiyi kimi, Zəngəzur dəhlizi təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətə malik bir layihədir və buna görə də bu qədər ciddi mübarizə gedir. İkinci məsələ isə budur ki, bu dəhlizə kim nəzarət edə bilər? Burada əsas iki tərəf - Rusiya və Amerika Birləşmiş Ştatları nəzərdə tutulur. Amma düşünürəm ki, nə ABŞ-nin, nə də Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək üçün real potensialı yoxdur".
Siyasi şərhçi qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bəyanat verib və ABŞ-nin təklifi ilə bağlı bildirib ki, həmin ərazi Ermənistanın yurisdiksiyasına daxil olan ərazidir. Ermənistan qanunvericiliyinə əsasən, ölkə əraziləri yalnız kənd təsərrüfatı təyinatı ilə xarici dövlətlərə və ya investorlara icarəyə verilə bilər. Yəni Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli bir ərazinin xarici dövlətin, o cümlədən ABŞ-nin istifadəsinə verilməsi qanunla mümkün deyil. Eyni zamanda açıq şəkildə bildirilib ki, bu dəhliz Rusiyaya da verilməyəcək. Ümumiyyətlə, hansısa bir dövlətə bu dəhlizin idarəsinin verilməsi, mənim fikrimcə, məqsədəuyğun deyil. Necə ki, sülh danışıqları birbaşa tərəflər - Azərbaycan və Ermənistan - arasında aparılır və bu prosesdə vasitəçi olmadan tərəflər qarşılıqlı razılaşma yolu ilə həll axtarır, eyni yanaşma Zəngəzur dəhlizi məsələsinə də tətbiq olunmalıdır. Yəni dəhlizin açılması və idarə olunması ilə bağlı qərar yalnız bu iki dövlətin öz razılığı ilə verilməlidir.
Burada müxtəlif modellər təklif edilir. Məsələn, Kalininqrad modeli üzərində düşünülür. Azərbaycan bu kimi modelləri nəzərə alaraq və birbaşa tətbiq edərək Zəngəzur dəhlizi məsələsini həll edə bilər. Düşünürəm ki, bu məsələdə üçüncü bir dövlətin iştirakı zəruri deyil.
Səidə Ramazanova