Heydər Əliyev müasir hakimiyyətin,dövlətin və milli idarəetmə institutunun banisidir - ÖZƏL
14 İyul 21:29 Siyasət"Heydər Əliyev Azərbaycan dövlətçiliyinin birinci mərhələsi üçün ötürücü şəxsiyyətidir. Eyni zamanda, o, imperiya daxilində Azərbaycanın milliləşdirilməsi prosesini həyata keçirmiş və bu sahədə mühüm rol oynamış şəxsdir. Heydər Əliyev Azərbaycan dövlət institutlarının formalaşmasında əsas rol oynayan şəxsdir. Dövlət idarəçiliyinin milli kadrlarla zənginləşdirilməsi, sözsüz ki, birbaşa onun adı ilə bağlıdır."
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Şübhəsiz ki, onun hakimiyyəti dövründə siyasi, ideoloji, iqtisadi və mədəni sahələrdə ciddi inkişaf yaşanıb - xüsusilə də 1969-1982-ci illərdə. Bu dövr, Azərbaycanın Sovet İttifaqı tərkibində olsa belə, daxili güclənməsi və milli özünüdərk baxımından mühüm mərhələ olmuşdur.
Lakin ikinci mərhələdə, yəni 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, Azərbaycan Respublikasının tarixində yeni bir dönəmin başlanğıcı oldu. Əgər 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətini birinci respublika, 1920-1991-ci illərdə mövcud olmuş Azərbaycan SSR-ni ikinci respublika, 1991-1993-cü illər aralığını üçüncü respublika adlandırsaq, onda 1993-cü ildən başlayan dövrü - dördüncü respublikanın əsasını qoyan şəxs məhz Heydər Əliyev olmuşdur.
Heydər Əliyev, əslində, müstəqil Azərbaycan dövlətini yenidən qurmuş, onun banisi olmuşdur. O, dövlət quruculuğunun əsas komponentlərini bərpa etmiş, hüquqi və institusional əsasları formalaşdırmışdır. 1993-cü ilə qədər ölkədə ərazi bütövlüyü pozulmuşdu, vahid hakimiyyət yox idi, idarəetmə sistemi dağılmış, silahlı qüvvələr isə nizamsız və təsirsiz vəziyyətdə idi. Belə bir şəraitdə dövlətdən danışmaq faktiki olaraq mümkün deyildi. Azərbaycan formal olaraq dövlət olsa da, reallıqda dövlət funksiyalarını yerinə yetirə bilmirdi.
Heydər Əliyev Azərbaycanın dövlət kimi əsasını yaradaraq onun konstitusion dayaqlarını müəyyənləşdirdi. O, ölkənin qlobal və regional təhlükəsizlik siyasətini formalaşdırdı. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanın uzunmüddətli enerji strategiyasının təməlini qoydu. Bu müqavilə ölkənin iqtisadi inkişafına təkan verdi və Azərbaycanın dünya iqtisadi xəritəsində möhkəmlənməsini təmin etdi."
İbrahim Məmmədli