Heydər Əliyevin siyasi iradəsi:Milli özünüdərk prosesinin sürətlənməsi - ÖZƏL

"Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlməsi, əslində, respublikamızın - Sovet İttifaqının tərkibində olsa belə - yeni bir inkişaf mərhələsinə qədəm qoyması demək idi. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi milli özünüdərk prosesinin sürətlənməsinə ciddi töhfələr vermişdi."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Xüsusilə vurğulamaq istədiyim bir məqam var ki, bu barədə az adam danışır, bəzən isə ümumiyyətlə danışılmır: Güney Azərbaycandan olan mühacirlərin Azərbaycan Respublikasında ali təhsil almalarına yaşıl işıq məhz Heydər Əliyev tərəfindən yandırılmışdı. O, rəsmi məktubla icazə alaraq Güney azərbaycanlı gənclərin burada ali təhsil almasına şərait yaratmışdı. Bu, olduqca mühüm bir addım idi.

İkinci bir məqam isə 1982-ci illə bağlıdır. Bildiyiniz kimi, həmin il Heydər Əliyev artıq Moskvaya vəzifəyə təyin olunmuşdu. Lakin o, Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrün sonlarına yaxın Azərbaycanın milliyyətçi, turançı şairi Hüseyn Cavidin məzarını uzaq Sibirdən tapdıraraq, onun nəşini gətirib təntənəli şəkildə Naxçıvanda dəfn etdirdi və orada məqbərə tikdirdi. Bu, milli yaddaşın bərpası baxımından çox önəmli bir hadisə idi.

Beləliklə, milli özünüdərkin güclənməsinə böyük töhfələr verən bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyırdı. Sovet İttifaqı antimilli, xüsusilə də qeyri-rus xalqlara qarşı düşmənçilik siyasəti yürüdən bir dövlət idi. Belə bir sistemdə Heydər Əliyev kimi uzaqgörən bir siyasətçinin rəhbərlik etməsi bizim üçün əlavə üstünlüklər yaradırdı.

Həmçinin unutmayaq ki, məhz Heydər Əliyevin dövründə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə Azərbaycan dilinə dövlət dili statusu verilmişdi. Əvvəllər bu barədə müzakirələr və fikirlər səslənsə də, onun Konstitusiyaya salınması Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün olmuşdu.

Demək istədiyim odur ki, Heydər Əliyevin fəaliyyəti haqqında bu istiqamətdə çox danışmaq olar. Onun tikinti-quruculuq sahəsində gördüyü işlər, yeni müəssisələrin açılması, Azərbaycanın abadlaşdırılması, ölkənin Sovet İttifaqında önə çıxması və sair məsələlərdə xidmətləri olduqca böyük və əvəzsizdir."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31