“Sputnik"-in bağlanması informasiya təhlükəsizliyi baxımından zəruri addımdır” – ÖZƏL
14:29 Siyasət"Media qurumları yalnız Rusiyada deyil, bütün dünyada ictimai əsaslarla və ictimai rıçaq kimi istifadə olunur. Bu, dünyanın hər yerində belədir və demək olar ki, bütün ölkələrdə media qurumları dövlətin maraqlarına xidmət edən bir vasitə kimi fəaliyyət göstərirlər.
Sputnik təkcə Azərbaycanda deyil, keçmiş postsovet ölkələrinin əksəriyyətində uzun illərdir fəaliyyət göstərib və hələ də fəaliyyətini davam etdirir. Hamıya da məlum idi ki, Sputnik-də yayımlanan materiallar hər zaman Rusiyanın maraqlarına uyğun olub, bu istiqamətdə yazılar və məlumatlar verilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, uzun müddətdir Sputnik-in fəaliyyəti rəsmi olaraq məhdudlaşdırılmışdı, lakin buna baxmayaraq, lisenziya üzərindən fəaliyyətini davam etdirirdi. Bugünkü gündə, Rusiyanın Azərbaycana qarşı sərgilədiyi kəskin münasibətləri - məsələn, təyyarə insidentindən sonrakı davranışları, eləcə də Yekaterinburqda baş verən hadisələri nəzərə alsaq - Sputnik kimi informasiya şəbəkələrinin rıçaq kimi istifadə olunmasına qarşı tədbirlərin görülməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması tamamilə doğru və zəruridir. Sputnik-in Azərbaycanda fəaliyyətinin dayandırılması bu kontekstdə çox düzgün addımdır. Əlbəttə, Rusiya bu məsələyə birmənalı yanaşmayacaq. Çünki Rusiya uzun müddətdir ki, media, dil və müxtəlif təşkilatlar vasitəsilə öz təsir rıçaqlarını qoruyub saxlayır və bu vasitələrlə fəaliyyətini davam etdirir. Media qurumları da bu rıçaqlardan biridir. Nəzərə almaq lazımdır ki, əslində Rusiyanın bu gün atmalı olduğu addımlar Azərbaycanla münasibətləri normallaşdırmağa xidmət etməli idi. Amma Rusiya nə üzr istədi, nə də konkret bir addım atdı. Bu baxımdan Azərbaycan da öz maraqlarını qorumaq üçün lazımi siyasi addımlar atmaq məcburiyyətində qaldı.
R. Məmmədovanın sözlərinə görə, Sputnik-in fəaliyyətinin dayandırılması informasiya təhlükəsizliyi baxımından zəruri və əsaslı addımdır.
"Hesab etmirəm ki, rus dili ilə bağlı son dövrlərdə verilən bəyanatlar düzgün və əsaslandırılmışdır. Çünki Azərbaycan multikultural dövlətdir və burada müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu insanlar da öz mədəniyyətlərini və dillərini yaşadırlar. Məsələn, ölkəmizdə 160 mindən çox uşaq rus dilində təhsil alır və əhalimizin mühüm bir hissəsi rus dilində danışır. Bu baxımdan rusdilli məktəblərin bağlanması məncə məqsədəuyğun deyil.
Qeyd etdiyim kimi, Sputnik-in Azərbaycandakı fəaliyyəti əvvəldən məlum idi. Rəsmi lisenziyası olmadan belə işləməsinə şərait yaradılmışdı və bu da müəyyən mənada Azərbaycan tərəfindən verilmiş bir güzəşt idi. Lakin regionda baş verən hadisələrin təhrif olunaraq təqdim olunması və dezinformasiyaların yayılması bu qurumun fəaliyyətinin dayandırılmasını zəruri etdi. Bu addım regiondakı proseslər fonunda olduqca doğru idi. Qeyd etmək lazımdır ki, bu məsələdə Ermənistan da oxşar vəziyyətdədir. Ola bilsin ki, yaxın gələcəkdə Sputnik Ermənistan ərazisindən də çıxarılsın.
Regionda baş verən hadisələri nəzərə alaraq, Rusiyanın informasiya məkanında təhrifedici və yönləndirici media qurumlarından - yəni bir növ informasiya silahı kimi istifadə olunan platformalardan istifadəsinin azaldılması vacib və müsbət addımdır. Bu, informasiya təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətli rol oynayacaq".
Səidə Ramazanova