Əli Mustafa: “PKK-nın silah qoyması bölgədə sülhə və inkişaf prosesinə yol açır” – ÖZƏL

"Nəhayət, Türkiyə ilə PKK-nın - daha doğrusu, təşkilat rəhbərləri ilə - apardığı danışıqlar və əldə edilən razılaşmalardan sonra PKK silahsızlaşdırma prosesinə başlamağa qərar verib. Konkret olaraq, Süleymaniyyə şəhərində ilk belə addım atılır. Bildirilir ki, bu tədbirdə PKK-nın əsas rəhbərlərindən Mustafa Karasu və "Civan" kod adlı Azad da iştirak edəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, PKK döyüşçülərinin silahları təhvil verməsi və daha sonra bu silahların Türkiyənin müvafiq dövlət qurumlarının nəzarəti altında məhv edilməsi planlaşdırılır. Təbii ki, bu təşəbbüsün uğurlu nəticə verəcəyi gözlənilir. Baxmayaraq ki, PKK üzvlərinin nə qədərinin bu prosesə qoşulacağı qeyri-müəyyəndir, ümumilikdə belə bir mərhələnin başlanması region üçün mühüm hadisədir və sülhün, rifahın gəlməsinə ciddi töhfə verə bilər. Bu proses, eyni zamanda, bölgənin təhlükəsizlik vəziyyətinə də mühüm təsir göstərəcək. Mən düşünürəm ki, Abdullah Öcalanın videomüraciəti də bu məqsədə xidmət edir - yəni PKK üzvlərinin silahı təhvil verməsinə dəstək vermək. Ola bilər ki, təşkilat daxilində müxtəlif cərəyanlar, fərqli dövlətlərə və nüfuz dairələrinə bağlı qruplar bu qərarla razı deyil. Amma bütövlükdə bölgədə elə bir ab-hava yaranıb ki, artıq sülhə gedən yol həm türklərin, həm də kürdlərin xeyrinədir.

Ə. Mustafanın sözlərinə görə, PKK-nın silah qoyması bölgədə sülh, Türkiyə-kürd münasibətlərində normallaşma və regional iqtisadi inkişaf üçün yeni imkanlar açır.

"Bölgədə, eləcə də Türkiyədən kənarda yaşayan kürdlər bu münaqişədən zərər görüb. Türkiyə dövləti də uzun illər boyu böyük itkilər verib. Bu qarşılıqlı zərər dövrü başa çata bilər. Əvəzində bölgədə qarşılıqlı əməkdaşlıq və sabitlik mühiti yarana bilər.
Nəzərə almaq lazımdır ki, son dövrlər Şimali İraqdakı Kürd Muxtariyyəti ilə Türkiyə arasında münasibətlər xeyli yaxşılaşıb və əməkdaşlıq genişlənib. Bu baxımdan, PKK-nın silah təhvil verməsi, kürd xalqı ilə Türkiyə dövləti arasında münasibətlərin normallaşmasına və bölgədə sabitliyin yaranmasına xidmət edə bilər. Bu proses, həmçinin, Türkiyənin regiondakı nüfuzuna da müsbət təsir edəcək. Türkiyə artıq PKK ilə mübarizəyə yönəltdiyi vaxt və enerjini bölgənin inkişafına, iqtisadi layihələrin həyata keçirilməsinə sərf edə bilər. Məsələn, İraq üzərindən keçən və gələcəkdə Suriya vasitəsilə genişlənməsi planlaşdırılan "İnkişaf Yolu" layihəsi kimi təşəbbüslər buna misal ola bilər".

Siyasi şərhçi sonda qeyd edib ki, bütün bunlar Türkiyənin həm iqtisadi gücünün, həm də regional təsir imkanlarının artmasına şərait yaradacaq. Qarşıdurmanın dayanması, həmçinin, regionda təhlükəsizliyin möhkəmlənməsi deməkdir. Daxili təhlükə mənbələrinin aradan qaldırılması Türkiyənin qlobal təhlükəsizlik məsələlərində mövqeyini gücləndirəcək. Əgər bu problemin həlli nəticəsində PKK-ya ayrılan resurslar dayandırılsa və təşkilat tamamilə mülki həyata inteqrasiya olunsa, Türkiyə daha çox xarici siyasətə və beynəlxalq münasibətlərdə öz mövqeyinin güclənməsinə fokuslana bilər. Bu baxımdan, silahsızlaşdırma prosesinin başlanması olduqca faydalı və strateji əhəmiyyətə malikdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31