AXCP-yə Asəf Quliyev təhlükəsi - SİYASİ ANALİZ
Sabiq cəbhəçi Kərimlinin elektoratına iddialıdır
5 Noyabr 2013 15:47 SiyasətPreizdent seçkilərindən öncə AXCP sədrinin müavini postundan və Milli Şuranın üzvlüyündən istefa vermiş veteran cəbhəçi Asəf Quliyev yeni hərəkat yaradır. Mətbuata açıqlamasında Asəf Quliyev bildirib ki, noyabrda elan olunacaq hərəkat sürprizlərlə yadda qalacaq. Asəf Quliyev hansı sürprizlərlə ortaya çıxa bilər? Ümumiyyətlə, daim kölgədə qalmış bu adam yeni uğurlu siyasi təşkilat qura biləcəkmi?
Seçkidən sonra bir sıra siyasi analitiklər yeni partiya qurmaq üçün əlverişli şəraitin yarandığını bildirirdilər. Ancaq bu fikir mübahisəlidir. Yeni partiya qurmaq sistemdən kənarda mümkündür. Amma ənənəvi müxalifət buna imkan verməyəcək. Asəf Quliyev yeni partiya qura bilər. Onun keçmişi var. AXC-nin qurucularından biridir. Naxçıvan siyasi məktəbi onun adı ilə bağlıdır. Asəf bəyi Naxçıvan MR-dan çıxmış əksər siyasilərin (söhbət hərəkatçılardan gedir) ideya müəllimi hesab edirlər. İbrahim İbrahimli, Sülhəddin Əkbər, Sərdar və Qurban Cəlaloğlu qardaşları, Fərəc Quliyev, Siyavuş Mustafayev, Mikayıl Rəhimli Asəf bəyin rəhbərliyi altında yetişiblər. 1993-cü il hadisələrindən sonra Asəf Quliyev həbs edildi. 2002-ci ildə həbsdən çıxan Asəf bəy öncə AXCP (k)-yə qoşuldu. Qeyd edək ki, AXCP-nin parçalanması, 2 il sonra birləşdirmə hərəkatı zamanı Asəf bəy sağlam mövqe tutmuşdu. Klassiklər adını dəyişib, KXCP olandan, siyasi meydandakı yerini Əli Kərimlinin partiyasına verəndən sonra vəziyyət dəyişdi. Asəf bəy AXCP-yə keçdi. Onu sədr müavini təyin etdilər. Amma onun yeri ikinci post idi. AM sədri vəzifəsini ona sırf regional qısqanclığa görə, vermədilər. Amma bir iş də vardı ki, Asəf bəy çağdaş siyasi proseslərə uyğun fiqur deyil. Onun siyasi rəqabətdə, siyasi debatda Fuad Qəhrəmanlıya belə qalib gəlməsi şübhəlidir. Asəf Quliyev Əli Kərimlini əvəz edə bilməz. Quracağı partiya da ona uzağı bir deputat mandatı qazandıra bilər. İstənilən halda uzun müddət AXCP sədrinin müavini olmuş, Milli Şuranın Mitinq Komitəsinə rəhbərlik etmiş adamı ciddyə almaq lazımdır. Asəf Quliyevin sürpriz dediyi böyük ehtimalla, siyasətdən kənarda qalmış nüfuzlu hərəkatçıları başına toplamaq ola bilər. Yəqin ki, onun təşkilatından heç kimin gözləmədiyi, adı belə unudulmuş sabiq hərəkatçılar olacaq. Asəf Quliyevin təşkilatına Müsavatdan, KXCP-dən keçənlər olacaq. Ondan ən çox zərər çəkənin AXCP olacağı şəksizdir. Yəqin ki, AXCP-nin Naxçıvan təşkilatı bütövlükdə Asəf Quliyevin təşkilatına keçəcək. AXCP Cənub, Kürətrafı, Bakı kəndlərindəki şöbələrini qoruya biləcək. Amma Qərb zonasındakı şöbələrdən Asəf bəyin hərəkatına keçənlər çox olacaq. Hətta bir zamanlar KXCP-də yaşanmış "Rayon şöbələrinin elliklə müstəqilləşməsi", sonradan isə başqa partiyaya keçməsi hadisəsi də yaşana bilər. Quliyevin AXCP adına iddia etməsi real görünməsə də, bu təhlükə də var. Hər halda AXCP-nin tələm-tələsik qərargah icarəyə götürməsi bu təhlükədən xəbər verir. Görünür, Əli Kərimli partiyasının qranta işləyən QHT olmadığını, qərargaha malik siyasi təşkilat olduğunu nümayiş etdirmək istəyir. İstənilən halda AXCP üçün Asəf Quliyev təhlükəsi realdır və Əli Kərimli ehtiyatlı olmalıdır. Məsələnin pis tərəfi odur ki, Müsavatdakı qruplar da AXCP-dəki təlatümlər də maraqlıdır. Arif Hacılı-Rauf Arifoğlu cütlüyü AXCP-nin zəifləməsində maraqlıdırlar və bu üzdən Asəf Quliyevin onlardan dəstək alması gözləniləndir.
Ərhun Abbas