“Güney Azərbaycanda kütləvi aksiyalara start verilib”

Babək Muğanlı: “...küləyin qaldırdığı toz artıq Təbriz və digər Güney Azərbaycan şəhərlərinin üstünü alıb”

"Bir müddət əvvəl Urmiyada həbs olunan 11 azərbaycanlı narkotik maddələrin ticarətində ittiham ediliblər. Bunların heç biri həqiqəti əks etdirmir. Çünki edam edilən azərbaycanlıların hansı təşkilata aid olduqlarını açıqlamayıblar. Hal-hazırda Güney Azərbaycanda həbslər davam edir" - Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı İranda həbs olunmuş milli fəalların azadlığa buraxılmaması məsələsinə münasibət bildirərkən belə deyib. B.Muğanlı bildirdi ki, bu gün keçmiş həbs olunan azərbaycanlılar İran hakimiyyəti tərəfindən yenidən telefonla çağrılır, ya da ki, qəfil gəlib evdən aparırlar. DAK rəsmisi qeyd etdi ki, qurum məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. B.Muğanlı hesab edir ki, Həsən Ruhaninin hakimiyyətə gəlməsilə İran xalqı dəyişikliklərə ümd edirdi. Lakin hələ də heç bir dəyişiklik baş vermir: "Hatəmi və Əhmədinejadın dövründə olduğu kimi bu gün də davam edən kütləvi şəkildə həyata keçirilən edamlar səngimir. Əksinə proseslər hər keçən gün daha gərgin hal alır, bütün proseslər molla rejiminin nəzarəti altındadır. Bu yaxınlarda DAK Güney Azərbaycanda həbs olunan milli fəallarla bağlı mətbuat konfransı keçirəcək. Çünki Urmiya gölünün quruması ilə bağlı keçirilən aksiyalarda həbs olunanlar hələ də azadlığa buraxılmayıblar. Urmiyanın millət vəkili Nadir Qazi Həsən Ruhanidən onların azadlığa buraxılmasını xahiş edib, lakin məsələyə hələ də baxılmır. Artıq Güney Azərbaycanda kütləvi aksiyalar başlanır. Çünki Urmiya gölü tamamilə quruyur. Ərazidə rütubət olmadığı üçün küləyin qaldırdığı toz artıq Təbriz və digər Güney Azərbaycan şəhərlərinin üstünü alıb. Buna görə də aksiyalar gedikcə çoxalır. Güneydə başlanan nümayişlərə dəstək üçün xarici ölkələrdə yaşayan azərbaycanlılar onlara dəstək verməyə hazırlaşırlar. Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycan aksiyalarına Bakıdan dəstək verəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00