Məğlub “qaliblər” və “ata”nın kefinin qiyməti

12 gün davam edən İsrail-İran müharibəsinin sonu tragikomediya janrını xatırladır. 12 gün faciə yaşayan tərəflər sonunda qələbələrini qeyd etdilər. Yəni, məntiqlə istənilən savaşın bir məğlub tərəfi olur, amma tərəflərin qiymətləndirməsində bu savaşın məğlub tərəfi yoxdu. Bu müharibəyə qoşulan üçüncü tərəf-ABŞ isə, yalnız özünü qalib hesab edir.

İran verdiyi ciddi itkilərə baxmayaraq İsrail və Amerikanın hücumlarına boyun əymədiyini, zənginləşdirilmiş uranı qoruya bildiklərini və bundan sonra da uranın zənginləşdirməsindən imtina etməyəcəklərini daxili kütləyə qələbə kimi təqdim edərək geniş təbliğata start veriblər. İsrail isə İranın nüvə obyektlərinə ciddi zərər vurduqlarını, bir daha atom bombası əldə edə bilməyəcəyini, hərbi rəhbərlərini, nüvə alimlərini bir neçə saat içində məhv etdiklərini, ABŞ-nin raket zərbələrini qələbə olaraq qeyd edirlər.

Hər iki ölkənin təbliğatında həqiqət çalarları olsa da, QƏLƏBƏ anlayışı ilə təzad, ziddiyyət təşkil edən nəticələr kifayət dərəcədədir. Bu savaşda İranın hava hücumundan müdafiə sisteminin sıfıra bərabər olduğu, əks-kəşfiyyat sisteminin MOSSAD qarşısında yenik düşdüyü, istənilən fiqurun İsrail tərəfindən zərərsizləşdirməsinin mümkünlüyü və sairə hərbi baxımdan zəif bəndləri üzə çıxdı. Ən əsası isə xalqın rejimə nifrəti artdı və 12 gündə xalq etirazının baş verməməsinin rejimə sadiqlikdən olmadığını rejim sahibləri yaxşı bilir. Bu gün açıq danışılmasa da, İran xalqı rejimin utancverici bir atəşkəsə razılıq verdiyinin fərqindədir. Rejimin çətin günləri qarşıdadır.

İsrailin də zəif tərəfləri aşkar oldu: İranın ballistik raketlərinin müəyyən hissəsinin qarşısını ala bilməyən məşhur "Dəmir Qübbənin" zəif tərəflərinin olduğu, kiçik ərazisi olan İsrailin İran raketləri qarşısında sonadək tab gətirə bilməyəcəyi, İranda müharibə gedərkən rejim dəyişikliyi proqnozunun doğru olmadığı, İsrail mülki əhalisinin müharibəyə hazırlıqsızlığı, ən əsası isə İranın nüvə proqramını sonadək məhv edə bilməməsi məlum oldu.
Görünür, elə bu səbəblərdən ABŞ və İranın razılaşdırılmış "nəzarətli" raket zərbələri mübadiləsindən sonra irəli sürülən atəşkəs təklifi hər iki tərəfdən gecikmədən qəbul olundu. Tramp isə NATO sammitində İran və İsrail arasında müharibəyə münasibətini belə bildirdi: " hesab edirəm ki, nə vaxtsa bu müharibə yenə baş verəcək". Yəni, bu savaşın nəticələrinin yeni dünya düzəni üçün əsaslı töhvə vermədiyi ortadadır. İsrail -İran gərginliyi 13 iyunda qaynar fazaya keçəndə bir məqaləmdə vurğuladım ki, "İsrail-İran savaşı nə qədər ağır nəticələrə gətirib çıxarsa da, dünya düzənini bu qarşıdurma yox, Rusiya-Ukrayna müharibəsi həll edəcək".

İran-İsrail savaşı bir müddət müzakirə predmeti kimi davam edə bilər, amma artıq diqqətlərin yenidən Ukraynaya yönələcəyi şübhəsizdir. Baxmayaraq ki, NATO- nun Niderlandda keçirdiyi son sammitdə Donald Trampdan çəkinən Alyansın digər üzvləri Ukrayna adını səsləndirməkdən belə çəkindilər. Ümumiyyətlə, sözügedən NATO toplantısı da, tragikomediya olmasa da, Trampın xətrinə dəyməmək məqsədilə ciddi hazırlanmış bir tamaşa təsiri bağışladı.
Dövlət adamından çox iş adamı kimi danışan ABŞ prezidenti Donald Trampın Rusiyanı təcavüzkar kimi tanımaması səbəbindən sammitin qəbul etdiyi yekun sənəddə müharibənin Ukraynanı, daha çox isə NATO-nu aşağılayan və Vladimir Putinin şərtlərilə başa çatmasını görmək istədiyi bir daha təsdiq olundu. Hər dəfə "müharibəni Bayden başlayıb" deməklə o Kiyevin tərəfini tutmaq istəmir, üstəlik, o hesab edir ki, Ukraynanı Rusiyadan qorumaq ABŞ-ın problemi deyil.

Bu baxımdan, Avropa liderləri Rusiyanın Ukraynaya və NATO-nun şərq cinahındakı ölkələrə hücum perspektivinin qarşısının alınması məqsədilə Trampın şıltaqlığı oynadı və NATO sammiti ilk dəfə olaraq "bir nəfər üçün tamaşa" təsiri bağışladı.

Ona görə də beynəlxalq siyasi icmalçılar öz şərhlərində NATO-nun Haaqa sammitini ABŞ və onun avropalı müttəfiqləri arasında münasibətlərdə "dərin asimmetriyanın simvolu" kimi dəyərləndirirlər.

Təsadüfi deyil ki, "The Telegraph" sammitin "kral qəbulu, 17-ci əsr sarayında şam yeməyi və ABŞ prezidentinə diqqətlə ölçülmüş mütləq hörmət ab-havası ilə səhnələşdirildiyini" , əvvəldən sonadək sammitdə hər jest, hər söz Trampın böyüklük hissini gücləndirmək məqsədi daşıdığını yazıb.

NATO-nun baş katibi Mark Rutte Trampın emosiyaları ilə oynayaraq, onu "bəzən varlığına and içməli olan ata" adlandırıb. Bu ifadə diplomatik bir kompliment kimi səslənsə də, məqsədin ittifaqı möhkəmləndirmək olduğu məlumdur. NATO -nun yekun Bəyannaməsinə baxanda, bu sənədin Tramp üçün hər hansı qıcıqlandırıcı faktorun yaranmamasına hesablandığı hiss olunur. Bu qısa Bəyannamədə Rusiyanın Ukraynaya təcavüzünə görə qınanmasından söz açılmayıb, yalnız Ukraynaya dəstək haqqında bir cümlə deyilib ki, onun da hansı məqsəd daşıdığına toxunulmayıb. Yəni Rusiya qınanılmadı, NATO susdu. Haaqa sammiti Alyansın zəif tərəfini üzə çıxardı. Faktiki olaraq Rusiyanı qınamaqdan imtina ilə, sammitin bir nəfər üçün fərdiləşdirilməsi ilə, NATO Donald Trampdan nə qədər asılı olduğunu göstərdi.

Bir daha "The Telegraph" nəşrindən sitat gətirməklə dünya düzəninin hələ uzaqlarda olduğunu təəssüflə qeyd etmək yerinə düşər. Nəşr yazır: "Əgər onlar həqiqəti söyləyib "atanın dostu" Vladimir Putini ittiham etsəydilər, Tramp razı olmazdı. Ata evə sevincək getdi, amma onun kefinin öz qiyməti var". O kefin qiymətini isə Ukrayna ödəyir.

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31