Ordumuz gücünü döyüş meydanında təsdiqlədi

"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummlli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 107 illik yol Ordumuzun  dünəninin, bu gününün və sabahının təqdimatıdır. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək mühüm addımlar atmışdır. Belə ki, Ümummilli Lider 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Ümummilli Lider hakiiyyətinin ikinci dövründə, yəni 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğuna xüsusi diqqət göstərdi. Bu o illər idi ki, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. Digər tərəfdən də Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb oldu. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi".  "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi: "Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması  istiqamətində mühüm addımlar atıldı. Belə ki,  1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri  mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi".

Malik Həsənov vurğulayıb ki, son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların nəticəsi olaraq hərbçilərin peşəkarlığı artırıldı, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.  Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. 2017-ci ildə  qəbul edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun ordunun təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Onu da qeyd edək ki, dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır.

Millət vəkili Azərbaycanın bütün sahələrdə, xüsusilə ordu quruculuğunda qazandığı uğurların zirvəsində dayanan tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından bəhs edib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq  tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərdi.  Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbiri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbiri dayandırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində keçirilən Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması  şüurlu seçimimiz idi. Bu gün  burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt  heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır".

Malik Həsənov diqqəti tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində atılan addımlara yönəldib: "Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu istiqamətdə çox mühüm addımlar atılır. Ölkə Prezidenti əminliklə qeyd edir ki,  bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılır. Cənab İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31