Türkiyə və ABŞ-ın Haaqa mesajı: Geosiyasi güc balansında Ankaranın rolu artır- ÖZƏL
15:00 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Haaqada ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bilidirib ki, Haaqadakı bu görüş, Ankaranın regional və qlobal miqyasda artan təsirinin daha bir sübutudur:
"Türkiyə NATO-da əsas güc mərkəzlərindən biridir və Yaxın Şərq hövzəsində təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu amil Türkiyəyə böyük üstünlüklər qazandırır. Eyni zamanda, Türkiyənin artan gücü, müdafiə sənayesi sayəsində əldə etdiyi nailiyyətlər Türkiyə haqqında çox müsbət fikirlər söyləməyə əsas verir.
Haaqadakı NATO zirvə toplantısında Türkiyə və ABŞ prezidentlərinin görüşü də bir sıra məsələlərə həsr olunmuşdu. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə cərəyan edən proseslər kontekstində Türkiyənin önəmi vurğulanmışdır.
Hesab edirəm ki, bu görüş əsnasında əldə olunan razılaşmalar bir tərəfdən Türkiyənin geosiyasi əhəmiyyətini artırır, digər tərəfdən böyük imkanlar formalaşdırır ki, Ankara müasir beynəlxalq münasibətlər sistemində öz rolunu və çəkisini bir qədər də gücləndirsin.
Bu, Azərbaycana da səmərələr qazandırır. Çünki Azərbaycanla Türkiyə qardaş dövlətdir, hərbi-siyasi müttəfiqdir və Azərbaycanla Türkiyənin ortaq fikri, düşüncəsi böyük coğrafiyada təhlükəsizliyin təmin olunmasına yardımcı olur.
Bu baxımdan, Türkiyənin qazandığı uğur həm də Azərbaycanın uğurudur. Türkiyənin artan nüfuzu Azərbaycanın mövqelərinin güclənməsidir və dolayısıyla Azərbaycan-Türkiyə tandemi sülhün, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın daha da gücləndirilməsində həlledici bir rol oynamaq imkanına malikdir".
Zeynəb Mustafazadə