Güney Azərbaycan Milli Hərəkatı Məşvərət Şurası yaradıldı-BƏYANAT- ÖZƏL

İyunun 25-də Güney Azərbaycan Milli Hərəkatı Məşvərət Şurasının təsis konfransı keçirilib. GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlının rəhbərliyi, xaricdə yaşayan Güney Azərbaycanın milli fəallarından ibarət 18 nəfərin iştirakı ilə baş tutan konfransda İsraillə İran arasında 12 günlük müharibə müzakirə olunub. Konfrans iştirakçıları yekdilliklə bu qənaətə gəlib ki, İran və İsrail arasında baş vermiş son  müharibədən sonra İranın mövcud molla rejimi faktiki olaraq öz legitimliyini itirib. Bu rejim artıq İranda yaşayan xalqların hüquqlarını qorumaq, onların sosial-iqtisadi rifahını təmin etmək və ən başlıcası - can təhlükəsizliyini təmin etmək qabiliyyətində deyildir.    Olaylar  xəbər  verir  ki,  Təsis konfransında Bəyanat qəbul olunub.
"Mövcud vəziyyəti və son 46 il ərzində xalqımıza qarşı sistemli şəkildə həyata keçirilmiş zülmü, assimilyasiya siyasətini və milli ayrı-seçkiliyi nəzərə alaraq, Güney Azərbaycan Milli Hərəkatı Məşvərət Şurası yaxın vaxtlarda Güney Azərbaycanın İstiqlal Bəyannaməsini ictimaiyyətə təqdim edəcək və bu sənəd geniş şəkildə sosial şəbəkələr vasitəsilə yayılacaq"-bəyanatda deyilir.

Sonda Şuranın rəhbərliyi və təsisçiləri, xalqımızın azadlığı və milli müstəqilliyi uğrunda mübarizə aparan, ürəyi istiqlal eşqi ilə döyünən bütün həmvətənlərimizi birliyə, əməkdaşlığa və milli həmrəyliyə çağırıb.

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31