Şuşa Bəyannaməsi - Zəfər tariximizin zirvəsi
13 İyun 12:51 SiyasətArtıq dördüncü ildir ki, iyunun 15-i Azərbaycan xalqı üçün mühüm olan iki tarixi hadisənin qovuşuq anı kimi qeyd olunur: Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanması tarixinin təntənəsi kimi! Əvvəlcə, bir məqama vurğu salım. Şuşa bizim üçün ilk növbədə, bədii-estetik yaddaşın məxəzi olmaq baxımından fərqli məkandır. Ölkə başçısı İlham Əliyev 2021-ci ilin yanvar ayının 14-də Ümummilli lider Heydər Əliyevin 39 il əvvəl dayandığı məkanda dayanaraq demişdi ki, Şuşanın bərpası bu gündən başlayır. Maraqlıdır ki, işğaldan azad etdiyimiz digər rayonlarda bir çox infrastruktur layihələrin həyata keçirilməsinə başladıq. Füzulidə hava limanı tikildi, Zəngilanda "Ağıllı kənd" layihəsi gerçəkləşdirildi. Şuşanın bərpası isə mənəvi məkanların dirçəldilməsindən start götürdü. Bu ondan irəli gəlir ki, Şuşa bizim üçün hər zaman mədəniyyətin yükünü daşıyan metafizik, mistik mənaya malik simvol olub.
Ölkə başçısı İlham Əliyev tərəfindən 2021-ci il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirdi, milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı.
Qeyd edək ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən şəxsiyyət, 1970-ci illərdə rəhbər vəzifədə olan böyük dövlət xadimi Heydər Əliyev olmuşdur: Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmişdir. Bunun üçün onun təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanmışdır. Daha sonra, 1982-ci il, yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi.
Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırır. 2021-ci ilin, 15 iyununda Şuşada imzalanan "Şuşa bəyannaməsi" bu mənada, geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru atılan addımlardan idi.
Tarixi bir ekskurs etmək istəyirəm. 1918-ci ilin 7 oktyabrında Şuşada Zəfər qapısının önündə Şuşaya daxil olan ilk türk fatehini - Cəmil Cahid Toydəmiri xatırlayıram. Şuşalıları erməni zülmündən qurtaran xilaskarı, bu yolda 33 mehmetciyin şəhid olduğu o anı təxəyyülümdə canlandırmağa çalışıram. Şuşa uğrunda savaşın ilk şəhidləri olan 33 türk əsgəri və ilk fatehi Cəmil Cahid Toydəmir! Bu gün, bir əsr sonra ən gözəl münasibətlərini yaşayan türk birliyinin, qarşısında böyük hədəflər və öhdəliklər dayanan "Şuşa Bəyannaməsi"nin əsasının qoyulduğu o dönəm tariximizin ən şərəfli tarixi kimi unikaldır. Ə.Cavad demiş, "Bəkliyor bizləri zəfər, bismillah"!
Bir əsr öncə böyük tarixi missiyanı gerçəkləşdirən bu əzm 2021-ci ilin 15 iyununda "Şuşa Bəyannaməsi"nin timsalında yeni bir missiya ilə üz-üzə qaldı. Niyyət, amal yenə də bir idi - sülh və harmoniyaya dəvət, xaosu ahənglə əvəzləmək, dünya nizamının pozulmamasına çağırış və s. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti olmaqla yanaşı, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını prioritetə çevirir. Bu bəyannamə həmçinin, bütün türk dövlətləri arasında dostluq körpülərinin qüvvətlənməsi üçün bir stimul oldu. Ölkə başçısının fikirlərində də bununla bağlı düşüncələr yer alır: "Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".
İndi budur, türk dövlətləri artıq böyük birlik, ittifaq nümayiş etdirirlər, müştərək əməkdaşlığa imza atırlar və dünyanın xilası yönündə birlikdə düşünürlər.
"Əziz Şuşa, biz səni dirçəldəcəyik"!
Ali Baş Komandanın Şuşanın fəth edildiyi günlərdə səsləndirdiyi bu fikirlər hər azad olunan torpağa münasibətdə refren kimi təkrarlanmaqdadır. Bu fikrin əməli ifadəsi iki ölkə başçısının iştirakı ilə elə Şuşada imzalanan "Şuşa Bəyannaməsi" ilə başlamışdır. Bunu öz bəyanatında ölkə başçısı İlham Əliyev də qeyd etmişdir: "Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır".
Bu müttəfiqlik sonradan digər türk ölkələri arasında yeni əməkdaşlıqlara, yeni quruculuq işlərinin başlanmasına rəvac verəcək qədər sərhədlərini genişləndirdi. Qurmaq, yaratmaq türkün fitrətindədir. Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Ağdamda, Cəbrayılda, Şuşada görülən işlər anbaan böyüyən, artan, dirçələn gücün nümunəsi olaraq tarixi yada salmaqda, əcdadımızın ruhuna layiq davam tapmaqdadır. Bu davam bütün türk dövlətlərinin birliyi, qardaşlığı, dostluğu timsalında təkrarlanır və dünyanı heyrətdə qoyan münasibət statusu alır.
Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru