21. Baxıcı illüziyası: İnsanlar niyə hələ də batil yollara üz tutur?

Son günlərdə cəmiyyətimizin diqqətini çəkən bir hadisə oldu. Baxıcı qadın- öz adı ilə yox, etdikləri ilə gündəmə gələn, insanların ümidlərini istismar edən bir fiqur. O, insanların  qorxu və narahatlıqlarından sui-istifadə etdi. Külli miqdarda pul yığdı, amma bu pul heç də həll yolu olmadı, əksinə, insanların inamını və etibarını zədələdi.

Baxıcılar - sözün əsl mənasında,  insanların çaşqınlığından və gələcəyə olan qorxularından "qida alan" bir sosial fenomen kimi qarşımızda durur. Onlar söz verir, dualar oxuyur, fal tuturlar, hətta "xəstəlikləri" aradan qaldıracaqlarını iddia edirlər. Ancaq reallıq budur ki, onların dedikləri çox vaxt insanları daha da dərinə aparır, maddi itkilərə və ruhi sarsıntılara yol açır.

Bu gün də baxıcıların sayı azalmayıb, əksinə, insanların həyatındakı yerini qoruyur. İnsanlar hələ də elmi və rasional cavabları bir kənara qoyub, bu "qara sehrin" ardınca gedirlər. Çünki həyatın ağır yükü, gələcəyin qeyri-müəyyənliyi onları bu yola sürükləyir.

Bəzən insan elə bir nöqtəyə gəlir ki, artıq ağlı ilə yox, ümidi ilə düşünür. Yəni nə baş verir, necə olur, doğrudurmu, deyilmi - fərq etmir. Sadəcə biri çıxıb ona desin ki, "narahat olma, hər şey yaxşı olacaq." Yetər ki, bu cümləni desin. Və həmin cümlənin dəyəri bəzi adamlar üçün bəzən yüz manatdan da, min manatdan da baha olur.

Ona görə də bu cür "baxıcı"lar yaşayır. Hətta yaxşı yaşayır. Zəngin olur. Evlər alır, maşınlar sürür. İnsanların qorxuları, boşluqları və inamsızlıqları üzərindən özlərinə saray qururlar.

İnanmaq istəyirsən ki, bu çətinliklərin səbəbi nəsə mistik bir şeydir, göz dəyməsidir, dua oxunmayıb, ya da "kiminsə enerjisi pisdir". Çünki bu cavablarla yaşamaq daha asandır. Nə məsuliyyət var, nə real mübarizə. Elə bil ki, həyatımızdakı bütün uğursuzluqları bir "gözmuncuğu" ilə yüngülləşdirə bilərik. Amma iş burasındadır ki, bu sadəlövhlük artıq təhlükəyə çevrilib. Söhbət təkcə inamdan getmir - bu gün bu "falçılar" insanların pulunu, ruhunu, ailəsini alır. Söhbət bir-iki manatdan getmir. Külli miqdarda pullar, illərlə yığılmış əmanətlər, insanların inamı, həyatla bağları oğurlanır. Günümüzün ən qəribə paradokslarından biri budur: İnsanın texnologiyaya, elmə, məlumat bolluğuna sarıldığı dövrdə hələ də baxıcıya, falçıya üz tutması...

İnsanlar əllərində telefon, internet, kitablar olsa da, qəlbinin qaranlığını, qarışıq suallarını, hələ cavabsız qalan "gələcək" qorxusunu özləri ilə daşıyırlar. Baxıcılar indi də yaşayır, onlarla əlaqə saxlayır, insanlardan pullar qoparırlar. Bəzən çox incə, səmimi görünürlər. "Səni başa düşürəm, bu çətinlikləri sən də yaşayırsan," deyirlər. Amma əslində... onlar sənə yox, sənin qorxularına, boşluqlarına yapışırlar.

Son illərdə yaşanan bu hadisə təkcə bir fərdin yanlışlığı deyil, daha böyük bir problemin üzə çıxmasıdır. Baxıcıların insanların ruhunda və qəlbində açdığı yaralar, cəmiyyətimizin necə zəif nöqtələrinin olduğunu göstərir. Bu zəif nöqtələrdən istifadə edənlər, sözün həqiqi mənasında insanların ümidlərini öz ciblərinə doldururlar.

Falçılıq təkcə şəxsi seçim deyil, bu, cəmiyyətin ümumi savad səviyyəsi, sosial vəziyyəti və mənəvi boşluğu ilə sıx bağlı bir fenomendir. Təəssüf ki, bəzi insanlar dərd içində boğularkən, ağlın işığını deyil, ümidin kölgəsini izləyir. Onlara elə gəlir ki, baxıcı onların həyatındakı düyünləri açacaq, qaranlıq yollarına işıq salacaq. Amma nəticədə nə baş verir? Həm pul, həm inam, həm də zaman itirilir.

Bəzən biz də fikirləşirik: bu qədər maarifləndirməyə, texnologiyaya, elmi inkişaflara baxmayaraq niyə hələ də insanlar belə yollara üz tutur? Niyə bəziləri ağlı deyil, təxminləri rəhbər tutur? Bu sualların cavabı, görünür, tək rasional izahla kifayətlənmir. Bu, bir az da inam və mənəviyyat məsələsidir. Çünki insan çarəsiz qalanda, haraya sığınacağını belə bilməyəndə, yanlış qapını döyə bilər.

Maraqlıdır, bütün bu baş verənlərin din baxımından izahı nədir? İlahiyyat baxımından fala baxmaq, baxıcıya inanmaq hansı mənanı daşıyır? Dinin bu mövzuya yanaşması necədir?

İlahiyyatçı Yaşar Qurbanov bildirir ki, falçılıq şeytani qüvvələrlə əlaqədir və İslamda qəti qadağandır:

"Baxıcılıq və fala getmək dinimizdə küfrdür, böyük bir günahdır. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, kim bir falçının, baxıcının yanına gedərsə və onun dediyini təsdiqləyərsə, Qurani-Kərimi inkar etmiş,  küfr etmiş olar. Bu, İslam dinində ən şiddətli günahlardan biridir. O insan mütləq tövbə etməlidir. Əgər bir insan falçının yanına getsə, heç bir şey soruşmasa belə, Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, 40 gün onun namazı qəbul olunmaz. İndi siz düşünün ki, bir insan falçının yanına gedir və onun dediklərini təsdiqləyirsə, artıq onun nəinki namazı qəbul olunmaz - o, Qurani-Kərimə küfr etmiş olur. Dinimizdə bu ziddir. Bunu edən insanların islam dinindən xəbəri yoxdur.

Bu məsələyə dini baxımdan mütləq açıqlama verilməlidir. Falçılara və baxıcılara üz tutan insanlar, əslində, şeytani qüvvələrlə əlaqəyə girirlər. Falçılıq və baxıcılıqla məşğul olan şəxslər cinlərlə işləyir və bu varlıqlar İslam dinində şeytanla əlaqəli hesab olunur. Belə şəxslər insanları düzəltmək adı ilə daha da bədbəxt edirlər. Təəssüf ki, bir çox insan ümidlə onların yanına gedir, həyatlarının yaxşılaşacağını düşünür, lakin nəticədə daha ağır psixoloji və mənəvi sarsıntılarla qarşılaşırlar. Cəmiyyət bu barədə maarifləndirilməlidir".

İlahiyyatçının dediklərinə əsasən görürük ki, fala və baxıcılara müraciət etmək təkcə bir inancla bağlı məsələ deyil, eyni zamanda insanın dini baxımdan böyük təhlükə ilə üz-üzə qalması deməkdir. Bu, sadəcə yanlış seçim deyil - küfr sayılan, imana zidd bir davranışdır. Peyğəmbərimizin (s.ə.s.) bu barədə söylədikləri də açıq şəkildə göstərir ki, belə yollara əl atan insan, fərqində olmadan Qurani-Kərimə və İslami dəyərlərə qarşı çıxmış olur.

İslamın bu qədər qəti şəkildə qadağan etdiyi bir əməli görməzlikdən gəlmək, cəmiyyət üçün də təhlükəli bir tendensiyanın yayılmasına səbəb olur. İnsanların mənəvi boşluqlarını fürsətə çevirən falçılar, onların həyatlarına işıq tutmaq vədini verərək əslində daha dərin qaranlığa sürükləyirlər. Bu isə artıq təkcə dini deyil, həm də psixoloji və sosial bir problemdir.

Sonda aydın şəkildə görürük ki, fala, baxıcılara və qeyri-elmə əsaslanan bu cür yollara üz tutmaq sadəcə şəxsi bir seçim deyil - həm dini, həm mənəvi, həm də sosial baxımdan ciddi nəticələrə yol açan bir yanlışlıqdır. İslam dini bu məsələdə sərhədləri çox açıq şəkildə müəyyən edib: bu yolla gedən insan, Qurani-Kərimin və iman prinsiplərinin qarşısında dayanmış olur.

Amma məsələ yalnız dinin qoyduğu qadağalarla bitmir. Bu yola düşən insanların çoxu çarəsizlik içindədir, ümidsiz, çıxışsız hiss etdikləri üçün həyatlarında bir işıq axtarırlar. Təəssüf ki, bəzi insanlar onların bu zəif anlarını fürsətə çevirərək, saxta ümidlər satır, onları daha da dərin uçuruma yuvarlayırlar. Nəticədə isə nə arzulanan dəyişiklik baş verir, nə də daxili sakitlik tapılır - əksinə, psixoloji gərginlik, maddi itkilər və mənəvi boşluq daha da artır.

Bu səbəbdən cəmiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. İnsanlar maarifləndirilməli, dini və psixoloji dəstək imkanları artırılmalıdır. Hər kəs anlamalıdır ki, həyatın çətinlikləri və sınaqları yalnız səbir, dua, təvəkkül və real çıxış yolları ilə aşılır - falçılarla, baxıcılarla deyil.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31