Azərbaycan beynəlxalq arenada yeni geosiyasi reallıqlar yaradıb

Rusiya isə  imperialist xislətindən əl çəkə bilmir

Azəbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi xarici siyasət bir çox dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərin aydınlaşması ilə nəticələnib. Etiraf edilməlidir ki, ölkəmizin  xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də töhfə verib. Bu gün ölkəmiz təkcə Cənubi Qafqazda deyil, eləcə də geniş coğrafi məkanda geopolitik söz sahibinə çevrilib. Azərbaycan yürütdüyü daxili və xarici siyasəti ilə bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə sübut edib. Təəssüflər olsun ki, Azərbaycanın yürütdüyü müstəqil, balanslaşdırılmış xarici siyasət bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmır. Məsələn, Şimal qonşumuz olan Rusiya ilə nə qədər səmimi münasibət qurulmasına cəhd edilsə də, bu ölkənin imperiya xisləti zaman-zaman özünü büruzə verməkdədir. Azərbaycanın Rusiya üçün etibarlı strateji tərəfdaş olmasına baxmayaraq Şimal qonşumuzun əlinə fürsət düşən kimi iddialarını ortaya qoyur. 

Rusiya Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədlərini ortaya qoysa da geopolitik istəklərindən də vaz keçə bilmir. Hesab edilirdi ki,  2022-ci ilin fevralında imzalanmış qarşılıqlı mütəffiqlik fəaliyyəti haqqında Bəyannamə iki dövlət arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Çünki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib ki, bu da Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açıb. Bu baxımdan, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır. Amması odur ki, rəsmi Kreml Cənubi Qafqazda nüfuz dairəsinin genişləndirmək məqsədilə ölkəmizə qarşı təxribatrçı cəhdlərini davam etdirir. 

Elə son günlərdə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edərək Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi də eyni məqsədə xidmət edir.  Düzdür, Medinskinin bu açıqlamasından sonra Moskva bu səhvini düzəltməyə çalışaraq RF XİN sözçüsü vasitəsilə Rusiyanın Qarabağı da Azərbaycanın tərkib hissəsi olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Moskva bu mesajı ilə yanaşı, "qaş düzəldən yerdə, gözü də çıxarıb. Belə ki, Kreml media resursları vasitəsilə Azərbaycanla Rusiyanın strateji tərəfdaşı olduğunu xatırladaraq Bakının Moskvanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatı dəstəkləmək və işğal etdiyi Krımın, Donetskin, Luqanskın, Xersonun, Zaporyojenin, Sevastopolun Rusiyanın ərazisi kimi tanınması kimi bir təxribatçı mesaj ünvanlayıb. Bununla da Kreml təmsilçiləri ən yumşaq dillə ifadə etsək, RF prezidentinin köməkçisi Medinski kimi məsələlərə savadsız yanaşmasını davam etdiriblər. Ya Kreml təmsilçilərinin 22 fevral 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"dən xəbəri yoxdur, yaxud da sənədə öz istədikləri kimi yanaşırlar. Çünki Kremlin Bakıya ünvanladığı həmin təxribatçı mesajın imzalanan sənədlə heç bir uyğunluğu yoxdur.

Kreml təmsilçilərinin son günlərdə Azərbaycan haqqında səsləndirdikləri ifadələrin  bir daha hər iki ölkə arasında imzalanan bu sənədin ruhuna zidd olduğunu ortaya qoyur. Əslində məsələlərə bu cür yanaşma ilə nə Moskva, nə də ki, digər imperialist güclər dünyada mövcud beynəlxalq hüququn aliliyi prinsipini təmin edə bilər. Əksinə, bu yanaşma regional və qlobal böhranın dərinləşməsinə, xaosun yaranmasına xidmət edir. Bölgədə sülh və təhlükəsizliyin pozulmasına cavabdeh olan ölkələrin bir-birinə qarşı bu cür təzyiq vasitələri qətiyyən qəbul edilə bilməz. Məlumdur ki, Azərbaycan istər Rusiya-Ukrayna, istərsə də dünyadakı digər münaqişələrin  güc yolu ilə deyil, ölkələrin ərazi bütövlüyü  çərçivəsində danışıqlar yolu ilə həlli prinsipindən çıxış edir və bu prinsipinə sadiqdir. Odur ki, Moskvanın bu cür metodlarla Bakıya təzyiqi və ya təxribatçı hərəkətləri mənasızdır və bütün bunlar heç bir nəticə verə bilməz. Nəzərə almaq lazımdır ki, Ukrayna ilə müharibəyə görə beynəlxalq sanksiyalara məruz qalan Rusiya imperialist siyasətini davam etdirmək gücündə deyil. Həmçinin  Azərbaycanın suverenlik, müstəqillik, təhlükəsizlik sahələrinə müdaxilə Rusiyanın imkanları xaricindədir. Rusiyanın "erməni" kartı dəfələrlə istifadə edilərək öz aktuallığını itirib. Hazırda Avropa ilə Rusiya arasında seçim qarşısında qalan Ermənistan "maşa" rolunu oynamaqdan çox özünə havadar axtarır. Belə bir şəraitdə Rusiyanın Azərbaycanın Qarabağ münaqişəsini bitirməklə yaratdığı reallıqları dəyişdirmək potensialı sıfıra bərabərdir. 

Ermənistan-Azərbaycan münaqişəsini yenidən qızışdırmaq  niyyətlərində olan dövlətlərə Ali Baş Komandan, Prezident İlham Əliyev çevik reaksiya verib. Uğurlu xarici siyasət yürütməklə geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişdirib, bu istiqamətdə olan qlobal çağırışları fiaskoya uğradıb. Bununla da nəinki Cənubi Qafqazda, eləcə də beynəlxalq arenada 
yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun yürütdüyü xarici siyasətinin ana xəttini isə dünya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu səviyyədə sülhpərvər əməkdaşlıq təşkil edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31