“BAKI ENERJİ HƏFTƏSİ” ÖLKƏMİZİN REGİONUN ENERJİ SEKTORUNDAKI LİDER STATUSUNU TƏSBİT EDİR
3 İyun 20:00 SiyasətMüasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qorunması ilə bağlıdırsa, digər səbəb kənardan alınan qazıntı yanacağından asılılığı aradan qaldırmaq niyyətindən qaynaqlanır. Lakin mövcud dünya reallığı göstərir ki, yaxın onilliklər ərzində ölkələrin qazıntı yanacağına olan tələbatını tam aradan qaldırmaq mümkün olmayacaq. Bərpaolunan enerji və qazıntı yanacağı sektorları arasındakı rəqabəti faydalı məcraya istiqamətləndirməyin ən əlverişli yolu balanslı yanaşmaya nail olmaqdır. 39 ölkədən 267 şirkətin iştirak etdiyi "Bakı Enerji Həftəsi"nin əsas məqsədlərindən biri də bu istiqamətdə peşəkar müzakirələrin aparılması və reallıqlara konsensus əsasında ortaq münasibətin formalaşdırılmasıdır.
Bu il keçirilən "Bakı Enerji Həftəsi" 30-cu yubiley tədbiridir. Yaddaşı qısa olmayanlar yaxşı xatırlayır ki, 1992-1993-cü illərdəki Azərbaycan bugünkü Azərbaycandan çox fərqlənirdi. O dövrdə AXC-Müsavat hakimiyyətində təmsil olunanların səriştəsizliyi və şişirdilmiş ambisiyaları səbəbindən dövlət idarəçiliyi iflic vəziyyətə düşmüşdü. Bir tərəfdən, iqtisadi tənəzzül, 1000 faizlik inflyasiya, digər tərəfdən, torpaqlarımızın 20 faizinin işğal edilməsi, milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatının ağır məhrumiyyətləri ilə üz-üzə qoyulması vətəndaşın öz dövlətinə olan inamını heçə endirmişdi. Xalqımız, bir tərəfdən, erməni işğalının mənəvi-psixoloji sarsıntısını, digər tərəfdən isə özünün və doğmalarının təhlükəsizliyinə inamsızlıq şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı . Xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev həmin dövrdə məhz bu ağır mirası çiyinlərinə götürdü. Bu gün olduğu kimi, o zaman da himayədar adı altında Ermənistanın xeyli sahibi var idi. Onların hər biri ölkəmizdəki ictimai-siyasi sabitsizliyi əsas gətirərək, enerji resurslarımızın xarici bazara çıxışını əngəlləməyə çalışır, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun qarşısını ciddi cəhdlə alırdılar. Ulu Öndər Heydər Əliyev bütün bu çətinliklərə, destruktiv siyasi qruplaşmaların təxribatlarına, xarici dairələrin təhdid və təzyiqlərinə, hətta həyatına edilən sui-qəsd cəhdlərinə baxmayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpasına nail oldu. Bu, şəxsi fədakarlıq hesabına Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına verilən tarixi töhfə idi.
Qardaş Türkiyənin sabiq Baş naziri Bülent Ecevit Heydər Əliyevin Azərbaycan naminə xilaskarlıq missiyasını vaxtilə bu cür dəyərləndirmişdi: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir". Fransanın sabiq Prezidenti Jak Şirakın Ulu Öndərin şəxsiyyəti və xidmətləri ilə bağlı dəyərləndirməsi də olduqca diqqətçəkəndir: "Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir".
Ulu Öndərin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi imkan verdi ki, əks qütblərdə dayanan güc mərkəzlərini 1994-cü ilin sentyabrın 20-də Bakıda bir araya gətirərək XX Əsrin Müqaviləsinin imzalanmasına nail ola bilsin. Bu tarixi razılaşma ilə Azərbaycanın gerçək mənada iqtisadi müstəqilliyinin və gələcək uğurlarının təməli qoyuldu. Elə həmin il Ulu Öndərin təşəbbüsü ilə Bakıda ilk Neft-Qaz Sərgisi keçirildi və bununla "Bakı Enerji Həftəsi" ənənəsinin də bünövrəsi qoyuldu. 31 il sonra, "Bakı Enerji Həftəsi"nin 30-cu Yubiley tədbirinin açılış mərasimində Təşkilat Komitəsinin adından çıxış edən Böyük Britaniyanın "ICA Events" şirkətinin İdarə Şurasının müşaviri Tomas Hordun bu fikirləri indiyədək qət olunan tarixi yolun gerçəkliyini ifadə edir: "1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni vaxtda təsadüf etdi. O vaxtdan bəri "Bakı Enerji Həftəsi" enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrildi".
Ulu Öndərin müəyyənləşdirdiyi neft strategiyası Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində İtaliyanın sahillərinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi kimi başqa bir qlobal layihə ilə davam etdirilir. Azərbaycan artıq bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin etibarlı qarantına çevrilib. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş müşaviri Vayat Tolkinin tədbir iştirakçılarının diqqətinə çatdırdığı ABŞ Prezidenti Donald Trampın təbrik məktubunda deyilir: "Əziz cənab Prezident. Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. Otuz il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir... ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir".
Qardaş Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Birgə Enerji Bölməsinin rəhbəri Sofi Vestleykin, OPEC-in Baş katibi Haysam Əl-Qaysın, Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borreronun Yubiley tədbirindəki çıxışları bir daha göstərdi ki, bu tədbir olduqca geniş coğrafiyanın diqqət mərkəzindədir. Hökumətlərdən tutmuş qlobal şirkət rəhbərlərinə qədər hər kəsi düşündürən əsas məsələlərdən biri onunla bağlıdır ki, milli təhlükəsizliyin tərkib hissəsinə çevrilən enerji ölkələr arasında qarşıdurmaya deyil, faydalı iqtisadi əməkdaşlığa xidmət etsin. Avropa Komissiyasının nümayəndəsi Kristina Lobilyo Borrero enerji amilinin bəzi oyunçular tərəfindən geosiyasi təzyiq alətinə çevrildiyini qabardaraq, Azərbaycanın fərqli baxış və mövqeyini təqdir etdi: "Siz isə milli reallıqların nəzərə alınması şərti ilə, amma orta hədəf və məsuliyyətlə inklüziv keçid üzrə konsensus əldə edilməsinə köməklik göstərirsiniz... Azərbaycan bu yeni fəsildə güclü tərəfdaşdır".
Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb şəraitdə qazıntı yanacağı ilə bərpaolunan enerji arasında ayırıcı xətlərin çəkilməsi mövqeyindən çıxış edənlər öz arqumentlərini nə qədər əsaslandırmağa çalışsalar da, mövcud reallıqlar nəzərə alınmadan, ortaq məxrəcin tapılması qeyri-mümkündür. Çünki arzulardan asılı olmayaraq, dünya iqtisadiyyatının qazıntı yanacağına ehtiyacı yaxın onilliklər ərzində aradan qalxmayacaq. Eyni zamanda, bərpaolunan enerji sektoruna tədricən keçid dövrü də qaçılmazdır. Lakin bu, çox böyük sərmayələr tələb edən və yalnız inkişaf etmiş ölkələrin keçə biləcəyi uzun bir yoldur. Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışında problemin həllinə praqmatik və məsuliyyətli Lider mövqeyindən irəli gələn baxışını belə ifadə etdi: "Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir".
Dövlətimizin başçısı tədbir iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan xarici tərəfdaşlar, o cümlədən Avropa ölkələri qarşısındakı müqavilə öhdəliklərini nəzərə alaraq, növbəti beş ildə təbii qaz ixracını daha 8 milyard kubmetrə qədər artırmaq niyyətindədir. Eyni zamanda, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, həmin dövrdə paralel olaraq 6,5 giqavat həcmində bərpaolunan enerji hasilatına da nail olmağı hədəfləyir. Prezident İlham Əliyevin növbəti açıqlaması isə qazıntı yanacağı ilə bərpaolunan enerjiyə tələbat arasında balanslı yanaşmanın mümkün olduğunu isbat edir: "Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız br o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır".Həqiqət də ondan ibarətdir ki, məhz bu cür məsuliyyətli münasibət nəticəsində COP29 iqlim diplomatiyasının tarixinə "Bakı sıçrayışı" kimi daxil oldu. İtki və Zərər Fondu, 10 il boyunca davam edən müzakirələrdən sonra karbon bazarı işlək vəziyyətə gətirildi, inkişafda olan ölkələrə yardım həcmi 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırıldı. Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsində" verdiyi mühüm mesajlardan biri də müasir Azərbaycanın dəyişməz hədəfi ilə bağlıdır: "COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik".
Təcrübə də sübut edir ki, niyyət saf olanda, onun arxasında məsuliyyətli və etibarlı dövlət mövqeyi dayandıqda, Qələbələr də qaçılmaz olur. "Bakı Enerji Həftəsi" çərçivəsində yüksəksəviyyəli qonaqların Azərbaycan Prezidentinə ünvanladıqları təbriklərə ölkəmizin milli komandasının minifutbol üzrə dünya çempionu adını qazanması da əlavə olundu. Prezident İlham Əliyevin iyunun 2-də bu möhtəşəm qələbə münasibətilə milli komandamızın üzvlərini qəbul edərkən söylədiyi fikirlər, sözün həqiqi mənasında, müasir və qalib Azərbaycanın gerçək mənzərəsini ifadə edir: "Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik".
Tarixi Zəfərə imza atmış Azərbaycana, həqiqətən, yalnız bu cür parlaq qələbələr yaraşır və əminəm ki, müasir dünyanın mürəkkəb çağırışlarına, zaman-zaman ölkəmizə qarşı yönələn təhdid, təzyiq və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycanı qarşıda yeni nailiyyətlər gözləyir.
Ülvi Quliyev
Milli Məclisin deputatı