“ABŞ İranı danışıqlar masasına təzyiqlə gətirməyə çalışır” – Ramiyə Məmmədova – ÖZƏL

ABŞ-İran münasibətləri yenidən gərgin mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Donald Trampın Tehrana ünvanladığı sərt mesajlar diqqət çəkir. Tramp rəsmi İranı Vaşinqtonun nüvə sazişi ilə bağlı təklifini qəbul etməyə çağırıb, əks halda ölkəni ciddi nəticələrin gözlədiyini bildirib. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilsə də, yekun razılaşma hələ əldə olunmayıb. 

İran bu təklifə hansı formada reaksiya verəcək? Nüvə proqramı ilə bağlı növbəti addım nə olacaq?

"Donald Tramp hakimiyyətə gəldikdə, onun 2016-cı ildə - prezident olduğu dövrdə olduğu kimi, İranla imzalanmış nüvə sazişindən çıxmağa və bu razılaşmanı yenidən gündəmə gətirməyə çalışacağı gözlənilirdi. Trampın məqsədi, İranla yenidən masa arxasında oturmaq və bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Hazırda da ABŞ və İran arasında bu istiqamətdə danışıqlar aparılır. Hər iki tərəf ilkin mərhələdə irəliləyişin olduğunu bildirsə də, hələlik konkret razılaşma əldə edilməyib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. O qeyd edib ki, İsrail, İranın nüvə silahına sahib olmasını öz varlığına təhdid sayaraq  ABŞ-ni bu məsələdə daha sərt mövqe tutmağa məcbur etməyə çalışır:

"Bu prosesdə İsrail faktoru xüsusi yer tutur. Tramp İranla daha çox təhdid dili ilə danışdığı halda, İran tərəfi daha çox diplomatik və sülh yönümlü yanaşmalar nümayiş etdirməyə çalışıb. Bununla belə, danışıqlar nəticəsində hələlik yekun razılaşma əldə olunmayıb, amma bu istiqamətdə işlər davam edir. İsrail isə ABŞ-nin İranla bu cür nüvə müzakirələrinə və mümkün sövdələşmələrinə qəti şəkildə qarşı çıxır. İsrail tərəfi hesab edir ki, İranın nüvə silahına sahib olması onun təhlükəsizliyi üçün birbaşa təhdiddir. Bu səbəbdən İsrail, ABŞ-ni bu məsələ ilə bağlı daha sərt mövqe tutmağa vadar etməyə çalışır. İsrailin bəzi dairələri isə, ümumiyyətlə, İranın dövlət kimi mövcudluğunun sual altına alınmasını belə gündəmə gətirirlər".

Politoloqun sözlərinə görə, ABŞ İranı nüvə fəaliyyətlərindən çəkindirmək və eyni zamanda İsrailin təhlükəsizliyini təmin etmək üçün təzyiq və diplomatiyanı balanslaşdırmağa çalışır.

"Tramp və İsrailin baş naziri Netanyahunun münasibətlərində də müəyyən gərginliklər yaşanıb. Bu, Trampın Netanyahunun siyasətinə və rəhbərliyinə əvvəlki qədər açıq dəstək verməməsində də özünü göstərir. İsrailin İranı regionda ən ciddi təhdid kimi görməsi və bu ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün ABŞ daxilində lobbiçilik fəaliyyəti aparması da diqqət çəkir. Tramp isə hələlik bu təzyiqlərə tam tabe olmur. O, əsasən İranın nüvə silahı hazırlamasının qarşısını almağı hədəfləyir və bunun baş verməyəcəyi təqdirdə, İrana qarşı çox ciddi nəticələrin ola biləcəyini bəyan edir. ABŞ üçün Yaxın Şərqdə İsrail önəmli tərəfdaş sayılır, lakin bəzi hallarda İsrailin ABŞ siyasətinə yönvermə cəhdləri də müşahidə olunur. İran tərəfi isə Trampın bəyanatlarını birmənalı qarşılamır və buna öz növbəsində reaksiya verir. Bununla belə, istər ABŞ, istərsə də İran tərəfi, açıq müharibəyə getmək niyyətində deyil. Nə İranın ABŞ ilə hərbi qarşıdurma aparacaq gücü var, nə də ABŞ İranla birbaşa savaşmaq istəyir. Hazırda tərəflər arasında güc nümayişi gedir və bu, İranı razılaşdırılmış formatda danışıqlar masasına əyləşdirmək məqsədi daşıyır. Hazırkı vəziyyət müharibə təhlükəsi yaratmasa da, ABŞ-nin məqsədi İranı öz maraqlarına uyğun davranmağa məcbur etməkdir. Bu kontekstdə İsrailin təhlükəsizliyinin təmin olunması da əsas prioritetlərdən biri olaraq qalır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31