“Bakı Enerji Həftəsi Azərbaycanın strateji liderə çevrildiyini nümayiş etdirir” – Aytən Qurbanova – ÖZƏL

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin 30-cu yubiley tədbirində iştirakçıları salamlayaraq, bu forumun Heydər Əliyevin təşəbbüsü ilə yaranan "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı olduğunu vurğulayıb. Tədbir enerji sahəsindəki uğurların təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün platforma rolunu oynayır, ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş spektrdə mövzulara toxunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi ölkənin davamlı enerji siyasətinin vacib tərkib hissəsidir. Ilham Əliyev tədbirin beynəlxalq əməkdaşlığı dərinləşdirəcəyinə və yeni tərəfdaşlıqlar yaradacağına əminliyini bildirib.

"Bakı Enerji Həftəsi qlobal enerji gündəliyini müəyyənləşdirən və bu sahədə aparıcı liderləri bir araya gətirən önəmli tədbirlərdən biridir. Ona görə də, tədbir çərçivəsində müəyyən edilən prioritetlər regional və qlobal kontekstdə aparıcı istiqamətlərin formalaşmasına mütləq təsir göstərir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib. Siyasi şərhçinin sözlərinə görə, Bakı Enerji Həftəsi Azərbaycanın artıq yalnız enerji təchizatçısı deyil, həm də yaşıl inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təminində strateji lider və etibarlı tərəfdaş olduğunu göstərir:

"Bakı Enerji Həftəsi göstərdi ki, Azərbaycan təkcə qaz və neft ixrac edən ölkə deyil, o gələcəyin enerji gündəmini formalaşdıran lider dövlətlərdən biridir. Cənab Prezidentin vurğuladığı  yaşıl zona, enerji təhlükəsizliyi və tədarükün şaxələndirilməsi çağırışları yalnız Azərbaycan üçün yox, eləcə də regionun sabitliyi üçün strateji yol xəritəsidir. 
İlk növbədə onu qeyd etmək lazımdır ki, son zamanlarda Azərbaycanın enerji siyasətində müşahidə edilən transformasiya artıq onu yalnız təchizatçı ölkə olmaqdan çıxararaq beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında iştirak edən strateji aktora və etibarlı tərəfdaşa çevirir. Bakı Enerji Həftəsi çərçivəsində dövlət başçımız tərəfindən ifadə edilən əsas prioritetlər məhz bu transformasiyanın təməl prinsipləri olaraq ifadə edilə bilər. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın enerji diplomatiyasının post-münaqişə dövrünün bərpa strategiyası ilə inteqrasiyasına xidmət edən mühüm addımdır. Bu da öz növbəsində, Azərbaycanın enerji siyasətini iqtisadi maraqlar nöqteyi-nəzərindən dəyərləndirməklə yanaşı onun regional sabitliyin təminatçısı olan geosiyasi vasitəyə çevrildiyi faktını nəzərdən keçirməyə imkan verir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31