"İranın Cənubi Qafqaz planları və vasitəçilik iddiaları reallıqdan uzaqdır" – İlyas Hüseynov- ÖZƏL
2 İyun 16:24 Siyasət"İran Cənubi Qafqazdakı mövqelərini gücləndirmək niyyətindədir və müxtəlif bəyanatlar bunu deməyə əsas verir. Xüsusilə, yaxın coğrafiyada İranın geosiyasi mövqe itirməsi ayrı-ayrı bölgələrə diqqəti daha da möhkəmləndirib. O cümlədən də Cənubi Qafqaz İranın geostrateji prioritetləri sırasındadır".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında İranın vasitəçiliyinə heç bir lüzum yoxdur. Çünki Bakı ilə İrəvan arasında birbaşa dialoq konstruktiv məcrada davam edir, yaxşı nəticələr əldə olunub və bu nəticələrin davam etdirilməsi önəmlidir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə olunan razılaşmalar vasitəçilər olmadan mümkün olub və bu da tarixi nailiyyət hesab oluna bilər.
Xüsusilə də sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də bir sıra mühüm razılaşmaların əldə olunmasında vasitəçilər iştirak etməyiblər. Vətən müharibəsindən sonra Rusiya, Avropa İttifaqı və ABŞ arasında vasitəçilik yarışı gedirdi və hər bir geosiyasi mərkəz öz maraqları üçün bu konstruksiyalar dağıldı və hazırda aktuallığını itirmiş vəziyyətdədir. Necə ki, ATƏT-in Minsk Qrupu da tarixin arxivinə göndərilib və belə bir vasitəçilik formatı yenidən dövrəyə gəlməyəcək. Azərbaycanın haqlı tələbi də bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupu buraxılmalı və ona bağlı bütün institutlar ləğv edilməlidir.
Və hansısa yeni bir oyunçunun birbaşa və hərtərəfli vasitəçi formatında danışıqlar masası arxasına gəlməsi inandırıcı görünmür. Bu, İrana qarşı olan əks mövqedən irəli gəlmir. Əgər birbaşa dialoq varsa, bu dialoqa dəstək vermək - mən deyərdim ki - mehriban qonşuluq siyasətinin ən yaxşı təzahürü ola bilər".
Zeynəb Mustafazadə