“Paşinyana qarşı ittihamlar seçkiqabağı qarşıdurmanın tərkib hissəsidir” – Zeynal Əmrəliyev – ÖZƏL

Ermənistanda "Haya Que" assosiasiyası Paşinyan hakimiyyətini informasiya terrorunda və xalqdan gizli şəkildə "təslimçi sənəd" imzalamaqda ittiham edib. Bildirilir ki, Tiranadakı Avropa siyasi konfransından sonra Ermənistan hökuməti yeni öhdəliklər götürüb, "artsax" iddialarından imtina edilib və yeni konstitusiya zərurəti gündəmə gətirilib. Paşinyan həm radikal revanşistlər, həm də dini liderlər tərəfindən milli maraqları satmaqda günahlandırılır. Seçkilər yaxınlaşdıqca bu ittihamlar daha da güclənir.

"Son zamanlar Ermənistan daxilində Nikol Paşinyana qarşı ittihamlar səngimir. Bunun əsas səbəbi isə hakimiyyət uğrunda və ümumilikdə güc uğrunda gedən mübarizədir. Xüsusilə də onunla dini elita arasında ciddi qarşıdurma yaranıb. Əvvəllər də hökumət və dini rəhbərlik arasında münasibətlər soyuq idi, lakin son vaxtlar "Bütün ermənilərin katolikosu" II Qareginin hədəf seçilməsi bu uçurumu daha da dərinləşdirib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi qeyd edib ki, Ermənistanda Rusiyapərəst və radikal qüvvələrin fəallaşması Paşinyana qarşı ittihamları artırır və bu, 2026-cı il seçkiləri ərəfəsində güc uğrunda mübarizənin tərkib hissəsidir:

"Ermənistanda son dövrlərdə Rusiyaya bağlı qüvvələrin fəallaşması da müşahidə olunur. Onlar Paşinyanı ölkənin maraqlarını Qərbə satmaqda ittiham edirlər. "Haya Que" Assosiasiyası da bu cür qüvvələrdən biridir. Bu, ümumilikdə hakimiyyət uğrunda gedən mübarizənin və güc savaşı prosesinin bir hissəsidir. Paşinyana qarşı çıxan qüvvələr - açıq şəkildə demək lazımdır - Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı çox radikal mövqedədirlər. Biz bəzən Paşinyanın özü və hökumətindən müəyyən qədər müsbət mesajlar eşidirik. Amma ona qarşı olan bu qüvvələr tamam fərqli ritorika ilə çıxış edirlər. Onlar 2020-ci ildə baş vermiş müharibədə Ermənistanın məğlubiyyətinə görə bütün məsuliyyəti Paşinyanın üzərinə atmağa çalışırlar. Belə bir təəssürat yaratmağa çalışırlar ki, guya Paşinyan hakimiyyətdə olmasaydı, əgər əvvəlki qüvvələr iqtidarda qalsaydı, Azərbaycan öz torpaqlarını azad edə bilməzdi. Bu isə tamamilə əsassız yanaşmadır. Çünki müharibə baş verən zaman Paşinyan hakimiyyətdə cəmi iki il idi. İki ilə ordu qurmaq və ordu quruculuğu prosesinə tam dəstək vermək, onu köklü şəkildə dəyişmək real olaraq mümkün deyil. Yəni iki il bir hökumət üçün çox uzun müddət deyil. Buna görə də bütün məsuliyyəti yalnız Paşinyanın üzərinə atmaq sadəcə Ermənistanda baş verən hakimiyyət uğrunda mübarizənin bir hissəsidir. Və nəzərə alaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca bu cür qarşıdurmaların və ittihamların daha da artacağının şahidi olacağıq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31