Tramp: Rüsumlar sayəsində ABŞ iqtisadiyyatı sürətlə inkişaf edir– ÖZƏL
3 İyun 10:43 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp gömrük rüsumlarının tətbiqi nəticəsində ölkə iqtisadiyyatında sürətli inkişaf başladığını bildirib. Bu barədə o, sosial şəbəkədə paylaşım edib: "Rüsumlar sayəsində iqtisadiyyat əsl canlanma dövrünü yaşayır", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp 25 mayda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə danışıqlardan sonra, Avropa İttifaqı məhsullarına tətbiq olunmalı olan 50%-lik rüsumların 9 iyula qədər təxirə salındığını açıqlamışdı. Söhbət 1 iyunda qüvvəyə minməsi planlaşdırılan tariflərdən gedirdi. Ursula fon der Lyayen isə bu müddətdə Brüssel və Vaşinqton arasında yeni ticarət sazişinin bağlanmasına ümid etdiyini bildirmişdi.
Qeyd edək ki, aprelin əvvəlində Tramp bütün ölkələrə qarşı yeni ticarət rüsumlarının tətbiqini elan etmişdi. Bu rüsumların minimal əsas dərəcəsi 10% təşkil edirdi.