Fransanın Ermənistanı Suriyaya çevirmək planı mövcuddur- ÖZƏL
5 İyun 15:39 Siyasət"Fransanın Zəngəzurda Parisin Azərbaycan-Ermənistan şərti sərhədi yaxınlığında Gorisdə konsulluq açması bölgədə sülhə, sabitliyə deyil, bölgədə gərginliyə yönəlik məkrli planların həyata keçirılməsinə xidmət edir". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib: "Gorisdəki konsulluğun Parisin məkrli planlara xidmət edəcəyini sübut etmək üçün bir neçə fakt yetərlidir. Birincisi, nəinki Gorisdə, ümumiyyətlə Zəngəzurda yetərli sayda Fransa vətəndaş yoxdur. İkincisi, Fransanın Ermənistandakı səfiri Olivier Dekotini konsulluğun açılışı zamanı bildirib ki, Goris Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq" fikri dediklərimizin sübutudur.Üçüncüsü, erməni mediası "Hraparak" nəşri belə Gorisdə fəaliyyətə başlayan konsulluğun sırf hərbi, kəşfiyyat məqsədi daşıyacaq, kollektiv Qərbə xidmət edəcəyini qeyd edib.
Digər tərəfdən Parisin Avropa İttifaqının müşahidə missiyası adı altında casuslarını da şərti sərhəddin yaxınlığında yerləşdirməsi, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gələrək "təftiş" aparmağa cəhdləri, Ermənistanı öldürcü silahlarla təmin etməsi, Ermənistana səfər edən Fransa rəsmiləri, deputatları Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olması onların gerçək niyyətini ortaya qoyur. Bütün bunlar Fransanın Cənubi Qafqazda vəziyyətin gərginləşdirməsinə xidmət edir ki, bu da öz növbəsində sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
Bu, həm də onu sübut edir ki, Fransa Ermənistan dövlətinin inkişafı və erməni xalqının gələcəyi barədə fikirləşmir, əksinə, öz fitnəkar əməlləri ilə bu dövləti uçuruma sürükləyir, sülhə maneələr yaratmaqla insanların faciəsinə yollar açır. Fransa bu məqsədlərinə nail olmaq üçünsə Paşinyandan oyuncaq kimi istifadə edir ki, bu da bölgədə dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın Ermənistanı Suriyaya, Ukraynaya çevirmək kimi məkrli, çirkin planı mövcuddur və bunu reallaşdırmaqda israrlıdır. Lakin onu da əminliklə deyə bilərik ki, Fransanın bundan öncə reallaşdırmaq istədiyi digər məkrli cəhdlər kimi, bu da uğursuzluğa düçar olacaq. Azərbaycan dövləti bu cür məkrli məqsədlərə xidmət edən planların qarşısını almağa və ifşa etməyə qadirdir. Belə də olacaq. Fransanın bu avantürasının acı aqibətini yaşayan tərəf Ermənistan və birdə Parisin özü olacaq".