Avtobuslarda kondisionerlər işlək vəziyyətə gətirilib? – AÇIQLAMA
2 İyun 16:54 SosialArtıq iyun ayının ilk iş həftəsi başlayıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 2-də Bakı və Abşeron yarımadasında gecə 19-22 dərəcə, gündüz isə 27-32 dərəcə isti olacaq. Havaların isti keçməsi avtobuslarda kondisionerlərin istifadəsi məsələsini də gündəmə gətirir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara bununla bağlı rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.
"Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib", - deyə məlumatda vurğulanıb.
Daşıyıcı şirkətlərdən olan "BakuBus"dan Trend-ə bildirilib ki, sərnişin rahatlığının təmin olunması məqsədilə MMC tərəfindən iyunun 2-dən etibarən avtobuslarda kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsi prosesinə başlanılıb.
"Hazırda "BakuBus" parkında yerləşən bütün elektrik avtobuslarında, eləcə də BMC markalı avtobusların 60 faizində kondisionerlər artıq işə salınıb. Yaxın günlərdə bütün nəqliyyat vasitələrində də kondisioner sistemlərinin tam şəkildə işə salınması təmin olunacaq", - deyə məlumatda deyilib.
Difər daşıyıxı şirkətlərdən "Faiqoğlu"dan isə Trend-ə bildirilib ki, iyunun 2-dən etibarən şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən müasir avtobuslarda kondisionerlər işlək vəziyyətdədir.
"İlk günlər ərzində yarana biləcək texniki problemlər mobil qruplarımız tərəfindən dərhal aradan qaldırılır", - deyə məlumatda qeyd olunub.
Sözügedən məsələ ilə bağlı avtobus nəqliyyatında fəaliyyət göstərən digər daşıyıcı şirkətlərə də sorğu ünvanlamışıq.