Gülzar İbrahimovanın əsərlərində Öncə Vətən – Öncə Sülh

İllərin arzusu yavaş-yavaş həyata keçir. Bu həmin arzulardır ki, bir zamanlar tez-tez eşidərdik: "Gün o gün olaydı, bu tədbiri Qarabağda keçirəydik!" Belə arzular demək olar ki, az qala bütün tədbirlərdə səslənərdi. 

Bu gün həmin gün oldu. Uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsü, H. Zərdabi mükafatçısı, "Kiçik Dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin rəhbəri Gülzar İbrahimova 2025-ci ildə - Dövlətimiz tərəfindən elan olunmuş Konstitusiya və Suverenlik İlindəXocalıda, Laçında və Füzulidə yaşayan uşaqlarla görüşə hazırlaşır. 

Gülzar xanım bu məsuliyyətli işin sevincini biz jurnalistlərlə belə bölür: "Hazırda Qarabağı hər kəs ziyarət edə bilir. Amma orda yaşayan oxucuları ilə görüş keçirmək hər yazıçının arzusu olsa da, hələ çoxu üçün əlçatmazdır. Sevinirəm ki, layihəm həyata keçir. 

Bir yazıçı kimi mənimlə görüşlər hazırda Azərbaycanın bütün regionlarında keçirilir. Konstitusiya və Suverenlik İli çərçivəsində son iki ayda 25 rayonda görüşüm keçirilib. Hər keçirilən görüşdə uşaqların uşaqların kitaba, mütaliəyə, yazıçıya sevgilərinin şahidi oluram, bu da məni bir yazıçı kimi daha gözəl əsərlər yaratmağa ruhlandırır. Keçirilən görüşlərdən mən də sevinirəm, uşaqlar da. Çalışıram ki, belə görüşlər uşaqların xatirəsində xoş xatirə yaratsın". 

Gülzar İbrahimova Xocalı, Laçın və Füzulidə yaşayan uşaqlarla görüşə həvəslə hazırlaşır. Oxucularına maraqlı kitablar, hədiyyələr, müsabiqələr, diplomlar hazırlayır. 

Müəllifin "Vətən" haqda çox əsərləri var. Görüşəcəyi uşaqlara belə əsərlər toplusu götürəcəyini də vəd edir. 

Gülzar İbrahimova yaradıcılığında həm Vətən həsrəti ilə çoxlu nisgilli şeirlər, hekayələr, mənsur miniaturlər, laylalar, bayatılar var, həm də Zəfər sevincli əsərlər var. 

ŞairinBununla yanaşı yazıçının "Zəfər", "Bayraq", "Sağ ol, ey Vətən", şerləri də çox təsirlidir. Sevgi ilə yazılıb deyə, ürəyə çox yaxındır. Şeirləri, hekayələri Vətən sevgisi ilə doludur. Bəlkə də bu yazıçının Vətən həsrəti ilə yaşayan Qərbi Azərbaycanlı olmağındandır. 

Qarabağ düşməndən azad edilsə də, Gülzar İbrahimovanın anadan olduğu doğma yurdu, Mehri rayonunun Aldərə kəndi hələ də düşmən əlindədir. Bu ağrı onu da, yurddaşlarını da, bir sözlə hamımızı narahat edir. Amma biz səbrlə gözləyirik. Bir vaxtlar ancaq Qarabağ ağrı-acısı ilə yaşayan camaatımızın bir qarış belə torpağı yağıda qoymaq fikri yoxdur. Hazırda bütün işlər, beynəlxalq əhəmiyyətli danışıqlar məhz bu istiqamətdə gedir ki, zorla alınan torpaqlar geri qaytarılsın, camaatımız doğma torpaqlarına qayıtsın. Xalq Ölkə rəhbərimiz İlham Əliyevə böyük ümid bəsləyir. 

Vətən mövzusu uşaq yazıçılarımızın çoxunun yaradıcılığında var. Onlar hamıda iki hissəyə bölünüb. Zəfərimizdən əvvəl, Zəfərimizdən sonra. Yazıçı Gülzar İbrahimovanın dediyinə görə, Vətən mövzusu onun yaradıcılığının "döyünən ürəyidir". Ən çox Vətəndən yazanda rahatlıq tapır, özünü Vətənə gərəkli hiss edir. Deyir, Vətəndən yazanda iki dəfə sevinirəm. Bir şeir hazır olanda, bir də onu tədbirdə uşaq sevə-sevə deyəndə. 

Vətən haqqında mahnıları, şeirləri, hekayə və mənsur şeirləri var. Hekayələrdən "Üç nəsihət", "Vətənimə qayıdacağam", "Dünyanın ləkələri", "Bir gecədə dəyişən arzu", "Kameranın əhdi", "Sualıma cavab verin", Türkiyə-Azərbaycan dostluğu", Pyeslərdən "Mən Zəfərlə qayıtdım, Ana". Şeirlərdən, "Olmasın müharibə", "Ana dilim", "Sağ ol, Ey Vətən"", "Vətənim gözəldir", "Oğul dedi, mənə Vətən", "Əsgər", "Qisas zamanı çatdı", "Bayrağım", "Bizə Zəfər çaldıran". və başqaları. "Sağ ol, Ey Vətən" şerinə bəstəkar Elşən Nicat mahnı bəsləyib və mahnı tədbirlərdə uşaqlar tərəfindən sevə-sevə ifa edilir. 

Müəllifin 2018-ci ildə ürək yanğısı ilə yazdığı "Bayraq" şeiri Zəfərimizdən sonra yazdığı "Bayraq" şerindən çox fərqlənir:

Bayraq günü Bayrağımın qarşısında diz çökdüm,

Bayramını təbrik edib, əyilib onu öpdüm.

Çox şirinmiş, bal dadırmış Vətənimin bayrağı,

Əhd elədim bir gün onu Qarabağa sancmağı!..

Bayrağımın qarşısında and içdim, söz verdim mən, 

Torpağımdan yox olacaq bir gün o mənfur düşmən.

İgidlərim Cıdır düzündə yenə at çapacaq, 

Qarabağın şikəstəsi Şuşaya yayılacaq!

Qayıdacaq, yenə bizə əsir düşmüş torpaqlar, 

Şadlıq edib, sevinəcək, bütün ellər-obalar

Tarix təkrar olsun, deyə, düşmənini, həmin an,

Həmişəlik məhv edəcək, Müstəqil Azərbaycan! 

Zəfər günündən sonra isə müəllifin Bayraq şerinin adı da, məzmunu da dəyişib. Şerin adı belədir. "Bizə zəfər çaldıran". Hər sətrindən Vətənə sevgi saçan Zəfərə yazdığı şeirdən:

ZƏFƏR bayrağını aldım əlimə,

Təbrik edib, bərkdən sıxdım köksümə.

Dedim, Azərbaycan, Vətənim mənim,

Mübarəkdir, bu möhtəşəm ZƏFƏRİN! 

Haqq savaşında qazandıq biz ZƏFƏR, 

Sevindrdi bizi hər igid əsgər!

BİR DƏMİR YUMRUQ oldu Azərbaycan,

Sən var ol, EY BİZƏ, ZƏFƏR ÇALDIRAN!

Daha bir "Uşaqla Qaranquşun söhbəti" şeirində şair yazır:

Soruşdu uşaq quşdan: 

  • Dünyanı gəzib-gəldin,

Haranı çox bəyəndin? 

-Çox şirin olur Vətən!

-Yəni, şirindir, qənddən?

-Ondan da şirindir Vətən!

-Bal kimi şirindir,desən?

-Onu balla bir tutma sən,

-Baldan da şirindir Vətən!

Çox bal yesə adam doyar,

Heç Vətəndən doymaq olar?

Gülzar İbrahimovanın şeirləri arasında bayatılar da var. Onlar ürək çırpıntısı ilə yazılıb. Bayatılara göz yaşı, ürək ağrısı qatılıb deyə, bu bayatıları sakit oxumaq mümkün deyil. 

"Bayatı yazmaq asndır, yoxsa şer? Necə qərar verdiz ki, bayatı yazasız?", sualına, şair Gülzar İbrahimova belə cavab verdi: "Ən həyəcanlı günlərim 44 Günlük müharibədə - Şuşaya hücum günlərində oldu. Ürəyim narahat idi. Sonradan məlum oldu ki, ürəyim düz narahat olub. Şuşada qanlı döyüşlər gedib, igid döyüşçülərimiz canları ilə sədd çəkib, düşməni Şuşadan çıxarıblar. Şuşada həlak olanlara bayatılar qoşmuşam. Şer yamaq asandır, amma bayatı yazmaq üçün ona göz yaşı qatmalısan. Bayatılarım çoxdu. Bayatı yazdığım günlər getsin, daha qayıtmasın. Onları yazanda anladım ki, niyə bizim bu qədər qoşmamız, bayatımız var. Çünki nadan, paxıl, acgöz, riyakar erməni qonşumuz var. Allah Dünyamızın bütün yaxşılarını qorusun, yamanlarını da cəzalarına çatdırsın! 

Dağ başı dumanlıdı,

Şuşa yolu qanlıdı,

Qərib, ehtiyatla gəz, 

El-obam düşmanlıdı...

Bir səhər getdi oğlum,

Davada itdi oğlum.

Gülə-gülə getmişdi,

Vay ilə yetdi oğlum.

Haray, ay haray, dağlar, 

Gül-çiçəkli yaylaqlar, 

Yurduma şəhid gəldi, 

De, gül açmasın bağlar...

Gülzar İbrahimovanın Vətən arzuları hələ də nigaranlıq içərisindədir. Yazıçının bir gözü Zəfər sevinci ilə alışıb yansa da, o biri gözü doğma Vətəninin həsrəti ilə qan-yaş tökür. Doğulduğu torpaq - Mehri rayonunun, Aldərə kəndi, hələ də yağıdadır. Arzusu var ki, bir gün yurduna getsin, Aldərədəki evlərində eyvandan kəndin gözəlliyini seyr etsin. 

Gülzar İbrahimova "Bir gün Vətənimə qayıdacağam" öz mənsur-miniatür hekayəsini müharibə qızışdıran ermənilərə ünvanlayıb. Əsərdən bir parça: 

"Ey insan öldürənlər! Vətənimi qan ilə suvaranlar! Cavab verin! 

Səsimə səs verin! İnsan öldürüb sonra insan kimi yaşamaq olarmu? 

Bir gün mütləq vətənimə - qayıdacağam! Sizə, "Ayıb olsun!" - demək üçün qayıdacağam!".

Gülzar İbrahimovanın Qərbi Azərbaycana - Vətəninə qayıtmaq arzusu Torpaqlarımıza qayıdış kimi hamımızın arzusudur. Ölkə başçımız da, torpaqlarımızın tamam qaytraılmasını qarşısına vacib bir məsələ kimi qoyub. Gün gələr sevinərik! İnanırıq ki, həmin gün gələcək. Azərbaycan Dəmir Yumruqlu Azərbaycandır! 

Bəlkə də ürəyinin Vətən yarasıdır ki, Gülzar İbarahimova qələmi ilə həmişə Vətəni yüksəyə qaldırıb, əzizləyib, yarasına məlhəm qoyur. O, yazdıqları ilə balalarımıza, yeniyetmə və gənclərimizə Vətən sevgisi aşılayır. Müharibəni pisləyir, Sülh təbliğ edir. "Olmasın müharibə" şerində olduğu kimi:

Ölümdür müharibə!

O haqlı, haqsız bilmir,

O cavan, qoca bilmir,

Uşağa rəhmi gəlmir...

Məhv edir arzuları,

Yox edir canlıları..

Yaxşını da öldürür,

Yamanı da öldürür...

Zülmətdir müharibə,

Dəhşətdir, müharibə,

Gəlin, qoruyaq sülhü, 

Olmasın müharibə!

Gülzar İbrahimova yaradıcılığında harda müharibə kəlməsi, şeri, hekayəsi varsa, orda mütləq sonluq sülh kəlməsi ilə bitməlidir, Hansı şerində dünyanın uşaqlarının gözəl gələcəyi vurğulanırsa, həmin əsərdə mütləq sülh kəlməsi var: "Sülh nəğməsi" şerində şair yazır:

Dünyanın uşaqları!
Gəlin əl-ələ verək,
Ən hündür bir zirvədə,
Sülh bayrağı yüksəldək!

Sülh bayrağı dalğalansın,
Hər tərəfə sülh yaysın,
Dünyadakı balalara
Sevincdən pay ayırsın!

Qoy dünyadakı uşaqlar
Həmişə gülsün, sevinsin,
Nə arzu etsə balalar,
Yerinə yetsin arzular!

Silah düzəldən əmilər
Silahları yandırsınlar,
Onlar da bizə qoşulub
Sülh nəğməsi oxusunlar!

Bütün qəfəsləri açıb,
Quşları göyə buraxaq
Sülhün azadlıq himnini,
Əl-ələ tutaq, oxuyaq!

Başqa bir "Dünyaya sülh" şeri tam kiçik yaşlı uşaqların dilindən yazılmış bir sülhə çağırışdır:

Götürdüm rəngli qələm, 

Göy qurşağı çəkdim mən.

Sonra çəkdim uşaqlar,

Əllərində çoxlu şar.

Baxıb Göy qurşağına, 

Çox sevindi onlar... 

Sanki şəkil dil açdı, 

insan kimi danışdı...

Yallı getdi uşaqlar,

Çaldılar, oxudular,

Dünyaya sevgi ilə,

Nəğmə dedilər belə:

"Biz sevirik Dünyanı, 

Gözəllikdir hər yanı,

Aydın, göy səması var,

Gül qoxan havası var!

Biz hamını sevirik, 

Biz Günəşi sevirik, 

Biz Dünyanı sevirik!

"Dünyaya Sülh", deyirik! 

Sülhə çağırış mövzusu şairin yaradıcılığının poeziya tərəfinin əsasını təşkil edir. Söylədiyinə görə o, hər il İyun ayının 1- də Beynəlxalq Uşaqların Müdafiə gününə əliboş getmir, Sülhə aid yeni bir şeri ilə gedir. Bu səbəbdən də, Gülzar İbrahimova yaradıcılığını biri-birindən gözəl Sülh şeirləri bəzəyir. "Sülh gəmisi" də belə şeirlərdən biridir:

Bir təyyarə düzəltdim,

Üstünə də ağ, qəşəng,

Göyərçin şəkli çəkdim.

Ad da qoydum, "Sülh gəmisi",

Sülhə səsləsin hər kəsi.

Göyərçin təyyarəmlə,

Dünyanı gəzəcəyik.

Ac qalan uşaqlara,

Paylayacağıq yemək, 

Əlləri donanlara

Verəcəyik yun əlcək,

Onlar da geyinəcək,

Əlləri isinəcək.

Göyərçin təyyarəmin,

Bombası da olacaq,

Müharibə edənin,

Müharibə sevənin,

Sillah anbarlarını,

Özü bombalayacaq.

Dünyanı gəzəcəyik,

Göyərçin qanadından,

Yerə sülh səpəcəyik.

Dava-dalaş bitəcək,

Uşaqlar sevinəcək,

Əl edib bizə onlar,

"Sülhə salam! ", deyəcək.

Gülzar İbrahimova yaradıcılığının əsas hissəsini Vətən, Vətənə sevgi, Vətən acısına yana-yana yazmaq, Vətən sevincini sevə-sevə bölüşmək tutur. Vətəninə çətin gündə əsgərləri igidliyə ruhlandıran şair qələmi yazır, Ağlamaq yaraşmır Azərbaycana":

Bu gün mən cəbhəyə gedirəm, Ana!

Ağlama, dua et, əsgər balana!

Şəhid olsam, təki Vətən sağ olsun,

Azərbaycan, elim-obam var olsun!

Qara xəbərimi alsan möhkəm ol,

Ürəyində de ki, "Vətən, sən sağ ol!"!

Qəddini heç vaxt əymə, düşmən görər,

Çox ağlasan, düşmən görüb, sevinər! 

Azərbaycan haqq yolda ola-ola, 

Mən qoymaram Vətənim darda qala!

Şəhid olsam , çox ağlama can, ana,

Ağlamaq yaraşmır, Azərbaycana!

Vətənin gözəl, sevincli günündə, "Baxın, necə gözəldir", deyib Azərbaycanın gözəlliyini tərif edir:

Dünya sən çox gözəlsən,

Günəşinlə, Ayınla,

Dünyamızı qoruyan, 

Yaxşı adamlarınla.

Bir də gözəldir elim,

Bal dadan Ana dilim, 

Dedikcə bitməz şeirim,

Dağa dönür ürəyim!

Dünya böyük Cahanla,

Bir də Azərbaycanla,

Baxın, necə gözəldir,

necə gözəldir!.. 

Yazıçının Sülhə aid bütün şeirlərindən görünür ki o, bir sülhsevən ana kimi nəinki öz xalqına - bütün dünya xalqlarına sülh, əmin amanlıq, gözəl həyat arzu edir. Onun əsərlərində Rusiya Ukrayna müharibəsinə həsr etdiyi "Polinanın gülər üzü", Türkiyədə "Çanakkala savaşına həsr etdiyi, "Ana qurbanlığı", Kahramanmaraşda 6 fevralda baş vermiş zəlzələyə aid yazdığı "Mən böyüdüm, dsən də böyü" povesti və çoxlu sayda dünya tarixində baş vermiş savaşlardan yazdığı əsərlər bunlara misal ola bilər. 

Yazıçı Gülzar İbrahimova yaza-yaza bütün Dünyaya Sülh arzulayır. Biz də həm gözəl yazıçı, həm də gözəl şair olan yazıçı Gülzar nənənin gözəl arzularına qoşulaq, qoy Dünyada həmişə əmin-amanlıq olsun, Gülzar İbrahimova da - uşaqların sevimli Gülzar nənəsi də həmişə sevgi, sevinc dolu əsərlər yazıb-yaratsın. 

Yazıçının qəlbinə nur, qələminə iti olmağı arzu edək. Ona bir gün doğulduğu Aldərə kəndində - dediyi eyvanda oturub Üç rəngli qələmi ilə Vətənin gözəlliyindən, azadlığından yazmağı arzulayaq. O Vətən sağ olsun ki, onu böyük ürəklə sevənləri var, Vətəndən, Sülhdən yazmaqdan doymayan Gülzar İbrahimova kimi yazıçıları var. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək" İctimai Birliyi tərəfindən icra olunan "Füzuli, Xocalı, Laçında uşaqlarla görüş" layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31