“İran müdafiə nazirinin səfəri regional mesaj xarakteri daşıyır” – Sahil Kərimli – ÖZƏL
26 May 2025 11:09 Siyasət"Son dövrlərdə İran və Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlıq daha da istiləşir və münasibətlərin gələcəkdə də bu templə davam etməsi gözlənilir. Xüsusilə də Azərbaycan və İran prezidentlərinin qarşılıqlı təması, keçirilən görüşlər və İran prezidentinin 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan prezidentini təbrik etməsi, həmin təbrikdə müxtəlif detallara toxunulması onu göstərir ki, münasibətlərin gələcək perspektivləri daha da ümidverici olacaqdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Bu kontekstdə İran hərbçilərinin də iştirak etdiyi "Araz 2025" hərbi təlimləri, Azərbaycanla birgə keçirilən bu əhəmiyyətli tədbir, ikitərəfli münasibətlərin hərbi sahədə də yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Ümumiyyətlə, İran və Azərbaycan arasında münasibətlər son dövrlərdə tamamilə yeni reallıqlardan qaynaqlanır və yeni bir müstəviyə keçid edir".
Siyasi şərhçinin sözlərinə görə, İranın Ermənistana səfəri, həm münasibətlərin davamı, həm də Azərbaycanın mövqeyinin çatdırılması baxımından önəmlidir.
"İran müdafiə nazirlərinin Ermənistana səfərinə gəldikdə isə, təbii ki, bu, dövlətlərarası - yəni İran və Ermənistan arasında təmasların qurulması, danışıqların aparılması və bölgədə yaranan yeni reallıqlar fonunda İranın bu proseslərdə aktiv iştirak etmək niyyətini göstərir. Lakin bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, İran və Ermənistan arasında bu münasibətlər əvvəllər də mövcud olub və bu təmaslar İran tərəfindən ardıcıl şəkildə davam etdirilib. Eyni zamanda, Azərbaycanın qətiyyətli və milli maraqlara əsaslanan mövqeyinin Ermənistan tərəfinə çatdırılması baxımından da bu görüş mühüm əhəmiyyət daşıya bilər. Yəni İran vasitəsilə Ermənistana bölgədəki yeni reallıqlar, mövcud vəziyyət və Azərbaycanın prinsipial mövqeyi izah oluna bilər. Ehtimal olunur ki, bu görüşlərdə bu məsələlər müzakirə ediləcək və ümumilikdə bölgədə yaranan yeni təhlükələr, Ermənistanın mümkün hərbi təxribatları fonunda sülh və təhlükəsizliyin təmin olunması, onun dayanıqlılığının qorunması məsələləri də diqqət mərkəzində olacaqdır".
Səidə Ramazanova