Azərbaycan–Macarıstan tərəfdaşlığı etibarlılıq və qarşılıqlı dəstək nümunəsidir- ÖZƏL
26 May 2025 10:55 Siyasət"Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində verdiyi bəyanatlar bir daha təsdiqlədi ki, Azərbaycan və Macarıstan arasında mövcud olan münasibətlər klassik diplomatik çərçivələri aşan, dərin strateji tərəfdaşlıq modelinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Bu münasibətlər yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də ortaq ideoloji dəyərlərə - müstəqillik, milli kimlik, suverenlik və tarixi yaddaşa söykənir. Məhz bu səbəbdən, Azərbaycan-Macarıstan tərəfdaşlığı bugünkü qeyri-müəyyən beynəlxalq mühitdə sabitlik, etibarlılıq və qarşılıqlı dəstək nümunəsi kimi çıxış edir.
Hər iki ölkənin sərgilədiyi prinsipial mövqe göstərir ki, nəinki regional, hətta qlobal siyasətdə müstəqil iradə nümayiş etdirmək və milli maraqları ön plana çıxarmaq mümkündür. Bu mənada Azərbaycan və Macarıstan müstəqil siyasətin mümkünlüyünü və uğurlu nəticələr verə biləcəyini sübuta yetirən nadir nümunələrdir.
Gələcəyə baxdıqda, bu münasibətlər daha geniş coğrafiyada, xüsusilə Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının formalaşmasına töhfə verə bilər. Azərbaycan-Macarıstan tərəfdaşlığı, yalnız iki ölkənin deyil, bütövlükdə regionun sülh, sabitlik və inkişaf perspektivlərinin təmin olunmasında mühüm rol oynayacaq".