Müstəqillik arzusu sovet dövründə belə yaddaşımızdan silinmədi- ÖZƏL

"XX əsrin əvvəlləri, xüsusilə I Dünya müharibəsindən sonra, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının yüksəlişi dövrü başladı. Belə mürəkkəb geosiyasi şəraitdə Qafqazda da yeni siyasi xəritə formalaşırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "1918-ci ilin mayında Tiflisdə Müsəlman fraksiyasının təşəbbüsü ilə Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycanın müstəqilliyi elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə qovuşdu. Cəmi 23 ay mövcud olan dövlətimizin ömrü qısa olsa da, onun gördüyü işlər, qoyduğu hüquqi-siyasi təməllər bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir. Parlamentin yaradılması, dövlət dilinin elan edilməsi, ordu və təhsil sisteminin qurulması, qadınlara seçki hüququnun verilməsi kimi tədbirlər AXC-nin təkcə siyasi yox, həm də cəmiyyətin modernləşməsinə yönəlmiş mütərəqqi sistem olduğunun təsdiqidir.
1920-ci ilin aprelində qırmızı imperiyanın işğalı nəticəsində AXC süqut etdi və xalqımızın azadlıq arzusuna divan tutuldu. Kütləvi həbslər, ağır işgəncələrlə məhrumiyyət yaşadıq. Milli düşüncə sahiblərini qətl və qəsd edən imperiya cəlladları xalqımızın azadlıq istəyini, milli ideyalarını qəlbimizdən çıxara bilmədilər. Müstəqillik arzusu sovet dövründə belə yaddaşımızdan silinmədi, düşüncəmizdə yaşadı. Bu mənəvi davamlılıq 1991-ci ildə yenidən istiqlaliyyətin bərpası ilə nəticələndi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31