Bu, Kremlin əsl niyyətini ortaya qoyur...– ÖZƏL

"Azərbaycanın Ukranaya humanitar dəstəyi və ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi müharibənin ilk günündən elan olunan xətdir və rəsmi Bakı bu mövqeni bütün platformalarda dəfələrlə elan edib. Odur ki, indi Azərbaycanın Ukraynaya yardımlarını əsas götürərmək ölkəmizi hədəfə alan mövqe sərgiləmək üçün sadəcə bir bəhanədir".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Rusiya onsuz da Azərbaycana qarşı münasibətdə bir sıra hallarda müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozan mövqe sərgiləyir və o baxımdan da indi aparılan anti Azərbaycan kampaniyası yeni bir şey deyil. Rusiyada ayrı-ayrı media qurumlarının və ekspertlərin Azərbaycan və xalqımız əleyhinə kampaniya aparması, ünvanımıza təhqirlər yağdırmasının arxasında rəsmi Moskvanın dayandığ şübhə doğurmur. Hər kəs bilir ki, Putin hakimiyyətində kiminsə fərqli düşünməsi, fərqli mövqe ortaya qoyması mümkün deyil və Rusiyada da nə müstəqil media nə də müstəqil ekspertlərə çıxış imkanı verən hansısa media qurumu mövcud deyil. 
Azərbaycanın haqlı iradlarından nəticə çıxarmaq, üzr istəmək, cinayət törətmiş şəxsləri cəzalandırmaq əvəzinə bu şəkildə mövqe sərgiləmək heç bir halda qəbul edilən deyil. 
İndi aparılan kampaniyanın Prezident İlham Əliyevin 9 mayda Rusiyaya səfərdən imtina etməsi, Lavrovun Ermənistana səfəri və Rusiya-Ermənistan münasibətlərindəki istiləşmə fonunda baş verməsi isə bir daha rəsmi Kremlin əsl niyyətini ortaya qoyur. Moskva bütün üzdə görünən fikir ayrılıqlarına baxmayaraq Cənubi Qafqazdakı əsas müttəfiqinin Ermənistan olduğunu sübut edir. Bu, onsuzda məlum olan həqiqətin etirafıdır. 
Yoxsa ki, Azərbaycanın humanitar yardım kampaniyasına qarşı bu qədər dözümsüzlük nümayiş etdirilməzdi. Azərbaycan Rusiyadan fərqli olaraq humanitar yardım adı altında separatçılara silah-sursat daşımır. Hansı ki, Rusiya "sülhməramlı" qüvvələrinin ərazimizdə olduqları müddətdə erməni separatçılarına necə silah daşıdığını hər kəs görüb və bilir. 
Əgər rəsmi Moskva bu cür kampaniya ilə Azərbaycana təzyiq göstərə biləcəyini, bizim haqlı mövqeyimizdən geri çəkiləcəyimizi düşünürsə, bunda yanılır və gec-tez bu cür mövqenin Rusiyanın özünün maraqlarına zərbə vuracağını da görəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31