Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib- ÖZƏL
23 May 2025 12:23 Siyasət"Dövlət başçısı İlham Əliyev 21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib: "Təsadüfi deyil ki, hələ ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü bu il Budapeşt şəhərində təşkil edilmişdir. Ümumiyyətlə, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır, eləcə də müstəqil siyasət aparan və beynəlxalq nüfuza malik olan bir ölkədir.
Bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək Azərbaycan təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2025-ci il həm də Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Hər il təşkil edilən bu Zirvə görüşləri əbəs yerə keçirilmir. Belə ki, bu görüşlər Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir".