Zirvə görüşündə imzalanan Bəyannamənin əhəmiyyəti olduqca böyükdür- ÖZƏL
23 May 2025 11:56 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi baxımından vacib müzakirələrin aparılması ilə yadda qaldı. Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında vacib məqamlara toxundu, mühüm mesajlar səsləndirdi. Ölkəmizin başçısı Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və iki ölkə arasında etibarlı strateji tərəfdaşlığın olduğunu qeyd edib". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin də ölkəmizin başçısı tərəfindən Zirvə görüşündə bir daha diqqətə çatdırıldığını söyləyib: "Məhz bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşün Budapeştdə təşkili olduqca önəmlidir. Eyni zamanda bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eyni zamanda bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Bütün bunlar isə təşkilata üzv ölkələr üçün mühüm imkanlar açmış olacaq. Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı da güclənir. Sözsüz ki, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamənin əhəmiyyəti olduqca böyükdür. Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının tarix boyu dünya sivilizasiyasına vermiş olduğu mühüm töhfələri qeyd edilib. Bu mənada TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqlənib".